...

Azərbaycanda psixiatriya yardımı göstərənlərə yeni hüquqlar verilir

Cəmiyyət Materials 25 Oktyabr 2011 17:52 (UTC +04:00)
Azərbaycan Milli Məclisi "Psixiatriya yardımı" haqqında qanuna dəyişikliklər edib.
Azərbaycanda psixiatriya yardımı göstərənlərə yeni hüquqlar verilir

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisi "Psixiatriya yardımı" haqqında qanuna dəyişikliklər edib. Trend-in çərşənbə axşamı verdiyi məlumata görə, qanun layihəsinə dəyişikliklər barədə məlumat verən parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, mövcud qanuna dəyişikliklərdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsas götürülüb.

Onun sözlərinə görə, 22 maddəyə 41 dəyişiklik təklif olunub. Dəyişikliklərin edilməsində məqsəd psixi xəstələrin hüquqi statusunu dəqiqləşdirmək və sosial şəraitlərini yaxşılaşdırmaqdır. Əsas dəyişikliklərdən biri də ruhi xəstə diaqnozunun təyini ilə bağlıdır.

"Qanuna təklif edilən dəyişikliyə görə, ruhi xəstə diaqnozu yalnız ixtisaslı psixiatrlar tərəfindən qoyula bilər. Bundan başqa, qanunda psixi xəstələrin hospitallaşdırılması ilə bağlı məsələlər də öz əksini tapıb", - o deyib.

Millət vəkili deyib ki, qanuna edilən digər dəyişikliklər sırasında ruhi xəstələrin ombudsmanla görüşünə, bu xəstələrin müalicə müəssisələrində dini ayinləri yerinə yetirmələri üçün icazələrin verilməsi və müvafiq yerlərin ayrılması məsələləri də var.

Qanuna edilən başqa bir əlavə isə psixiatriya yardımı göstərən həkim-psixiatrların, digər mütəxəssislərin, orta və kiçik tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlara xüsusi tədbirlərdən (psixi pozuntusu olan şəxsin fiziki məhdudlaşdırılması, onun müvəqqəti təcrid edilməsi, sakitləşdirici köynəklərin tətbiq edilməsi) istifadə etmək hüququ verilir. Bu barədə psixi pozuntusu olan şəxsin tibbi sənədlərində müvafiq qeydlər aparılmalı və tibb müəssisəsinin müdiriyyətinə məlumat verilməlidir.

Azərbaycanın baş psixiatrı Gəray Gəraybəyli iclasda bildirib ki, qanuna təklif olunan dəyişikliklər bir çox boşluqları aradan qaldırır.

"Artıq psixi pozuntuya məruz qalmış insanlara tək psixiatr deyil, ailə həkimləri də yardım edə bilərlər", - o deyib.

Gəraybəyli qeyd edib ki, hazırda dünyada 10 faiz, Avropada isə 20 faiz insan psixi pozuntudan əziyyət çəkir.

Xəbər lenti

Xəbər lenti