Azərbaycan, Bakı, 2 noyabr / Trend, müxbir E.Mehdiyev/
Prinston Universitetinin dosenti Maykl A.Reynolds noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) müəllifi olduğu "Dağılan İmperiyalar" kitabının materialları əsasında hazırlanmış "I Dünya müharibəsi zamanı İmperiyalar qarşıdurması və Azərbaycan Demokratik Respublikası" adlı məruzə ilə çıxış edib.
SAM-ın mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Maykl A.Reynolds I Dünya müharibəsi zamanı Osmanlı və Rusiya imperiyaları arasındakı münasibətlərin Şərqi Anadoluya və Qafqaza mühüm təsiri barədə ətraflı məlumat verib.
Məruzə zamanı Dr.Reynolds Şərqi Anadoluda erməni-kürd qarşıdurması və Osmanlı İmperiyasının bu məsələyə dair mövqeyindən, həmin dövrdə Rusiyanın geosiyasi maraqlarından, onun yeni yaranmış Qafqaz dövlətlərinə, o cümlədən Azərbaycan Demokratik Respublikasına təsirindən danışıb, hadisələrin geniş təhlilini verib.
Məruzənin sonunda sual-cavab sessiyasında mövzu daha ətraflı müzakirə olunub.