Azərbaycan, Bakı, 7 may /Trend/
Mayın 9-da Taqanroqda bu şəhərin alman faşistlərdən azad edilməsində qəhrəmanlıqla həlak olmuş əsgərlərin, o cümlədən əsasən azərbaycanlılardan təşkil olunmuş 416-cı Taqanroq və 130-cu diviziyaların əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin əsaslı təmirdən sonra təntənəli açılışı olacaq.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, açılış mərasimində Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatı, Azərbaycanın Rus icmasının rəhbəri Mixail Zabelin, Azərbaycan Kazakları icmasının, Respublika Veteranlar Şurasının nümayəndələri, Əfqanıstan və Qarabağ müharibəsi veteranları, ictimai xadimlər, Rusiyadakı Azərbaycan diasporunun təmsilçiləri və KİV nümayəndələri iştirak edəcəklər. Rusiya tərəfindən tədbirdə Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubev, Rostov vilayətinin şəhər və rayonlarının nümayəndə heyətləri, Böyük Vətən Müharibəsi veteranları, Taqanroq hərbi qarnizonunun hissələri iştirak edəcəklər.
Abidənin açılışı və Böyük Vətən müharibəsində qələbənin 67-ci ildönümü münasibətilə Memorial kompleksin önündə mitinq keçiriləcək.
Rusiya Federasiyası və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndikdən və rəsmi şəxslər çıxış etdikdən sonra Böyük Vətən müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Daha sonra toplardan yaylım atəşi açılacaq. Mitinq başa çatdıqdan sonra təntənəli hərbi parad keçiriləcək.
Tədbir abidə önünə əklillərin qoyulma mərasimi ilə başa çatacaq.
Xatırladaq ki, Taqanroqdakı abidə kompleksi 1980-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə açılıb.