...

"YARAT!" təşkilatı Mehdi Məmmədovun "Neft" layihəsini təqdim edib (FOTO)

Cəmiyyət Materials 18 May 2012 23:59 (UTC +04:00)
Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Dənizkənarı Milli Parkda, "Muzey mərkəzi"nin qarşısında rəssam Mehdi Məmmədovun "Neft" layihəsinin təqdimatı olub.
"YARAT!" təşkilatı Mehdi Məmmədovun "Neft" layihəsini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir V.İmanov/

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Dənizkənarı Milli Parkda, "Muzey mərkəzi"nin qarşısında rəssam Mehdi Məmmədovun "Neft" layihəsinin təqdimatı olub.

Trend-in məlumatına görə, "012 Baku Public Art Festival" çərçivəsində təşkil olunan tədbirdə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, "YARAT!" təşkilatının təsisçisi Aida Mahmudova, Azərbaycanın mədəniyyət və turizm nazir Əbülfəs Qarayev, tanınmış rəssamlar və ictimai xadimlər iştirak ediblər.

Bu layihə öz intellektual, elitar tutumu ilə fərqlənən, nəhəng şəhər şou-göstəriləri və müasir vizual sənətlə sıx əlaqədə olan, atraksion, valehedici bir incəsənət sintezidir. İrihəcmli təsvirin tamaşaçı gözündə optik illüziyasını yaratmağa imkan verən, özündə videoproyeksiya texnologiyalarını cəmləşdirən 3D-mapping burada icra texnologiyasının atraksion aspektini vurğulayır. Nümayiş zamanı nəzərin optik yanıltması baş verir və təsvir tamaşaçı tərəfindən 3D-görüntü kimi qəbul edilir. Proyeksiya istənilən səthin üzərində əks olunur, əsasən də bina fasadlarının üzərində effektli görünür. Burada memarlıq detalları proyeksiyaya stereoskopik effekt verir. Bu audiovizual layihə 3D-mapping texnologiyalarının, tamaşaçını sadəcə əyləndirmək məqsədilə hansısa şou proqramın tərkib hissəsi kimi istifadə edilmə cəhdi deyil, həmçinin müasir incəsənət məhsuludur.

Layihənin nümunəvi aspekti onun mövzusundadır, necə deyərlər, rəssam bizlərə göstərmək istədiyi şəhərin "tarixində". Bu tarixin leytmotivi neft mövzusudur. Soruşarsınız: nəyə görə? Cavab dərhal üzə çıxır: ona görə ki, bu şəhər böyük anlamda məhz neftə görə bizim tanıdığımız Bakı olub. Axı XIX əsrin ortalarına qədər Bakı kiçik bir şəhər idi və yalnız "neft inqilabı" onun sürətli sənaye və mədəni inkişafını təmin edib. Beləliklə, rəssam bizlərə artıq dəfələrlə eşitdiyimiz köhnə Bakının tarixinin, ancaq bu dəfə yeni texnologiyaların tətbiqi vasitəsilə vizual bəhsini edir. Bu da audiovizual mövzumuza yeni, innovasyon məna verir.

1803-cü ildə bakılı tacir Qasımbəyov tərəfindən Bibi-Heybət yaxınlığında dənizdə iki neft quyusu inşa edilir. 1806-cı ildə Bakı xanlığının Rusiya imperiyasına birləşməsi ilə Rusiya regionun neft sənayesinə sahib olur. Həmin illərdə neft quyudan tuluqlar vasitəsilə çıxarılır, daha sonra isə atların əməyindən istifadə olunur. Qara nefti zirzəmidə, ağ nefti isə gil qablarda, torpağın içində daşla hörülmüş tikililərdə saxlayırdılar.

1844-cü ildə rus mühəndisi Vasiliy Semyonov, Kolonel Dreykin Pensilvaniyada ilk neft burğusundan on il əvvəl Bibi-Heybət yatağında ilk dəfə olaraq qazma işlərini həyata keçirib. 1846-cı ildə onun tərəfindən 21 metr dərinliyi olan ilk kəşfıyyat quyusu qazılmışdı.

Dünyada ilk müasir neft quyusu həmçinin 1847-1848-ci illərdə Bakıda qazılmışdı. İlk neft taxta ştanqlardan istifadə olunmaqla 14 iyul 1848-ci ildə zərbə üsulu ilə əldə olunub. Neft bumunun başlanğıcı məhz bu vaxt hesab edilir.

1874-cü ildə neft sənayeçiləri Pyotr Qubonin və Vasiliy Kokorev tərəfindən neft sənayesində ilk səhmdar şirkət hesab olunan "Bakı neft cəmiyyəti" yaradılır.

70-ci illərdə V.Q.Şuxov tərəfindən neftin sıxılma yolu ilə əldə edilməsi təklif edilir. Bakıda isə bu üsul yalnız 1897-ci ildə sınaqdan keçirilir. Məhz Şuxovun layihəsi əsasında 1878-ci ildə Balaxanı mədənlərini L.Nobelin Qara şəhərdəki zavodları ilə birləşdirməklə uzunluğu 10 km olan Rusiya imperiyasında ilk neft borusu inşa olunur. Bu boru "Nobel qardaşlarının neft istehsalı cəmiyyəti"nin sifarişi ilə tikilib.

XIX əsin sonlarında Bibi-Heybət yaxınlığında dənizin içində də qazma işləri başlayıb. 1901-ci ildə Bakıda 11,4 milyon ton neft hasil olunub, bu göstərici ümumi Rusiya neftinin 90%, dünya neftinin isə 50%-ni təşkil edib.

"012 Bakı Public Art Festival"da 21 tanınmış, həm də yeni fəaliyyətə başlayan rəssamlar iştirak edirlər. Onlar şəhərdə tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirirlər və onları qədim şəhərin ictimai yerlərində sərgiləyəcəklər. Martın 9-dan başlayaraq layihə 21 həftə müddətində davam edəcək. Layihə çərçivəsində hər cümə günü iştirakçı rəssamlardan biri müəllifə öz əsərlərini yaratmağa ilham verdiyi yerlərdə təqdim edəcək. Öz əsərlərini açıq şəkildə təqdim edən rəssamlar qalereyaların və muzeylərin yaratdığı məkan məhdudiyyətdən azad olmaqla özləri üçün yaradıcılıq sərbəstliyini təmin edir və geniş auditoriyanın diqqətini cəlb edəcəklər.

Aşağıda qeyd olunan iştirakçıların işləri sərgidə nümayiş olunub: Altay Sadıqzadə, Ağa Hüseynov, Fuad Salayev, Məmməd Mustafayev, Hüseyn Haqverdi, Mahmud Rüstəmov, Teymur Daimi, Niyaz Nəcəfov, Mehdi Məmmədov, Rəşad Ələkbərov, Əli Həsənov, Aida Mahmudova, Faiq Əhməd, Leyla Əliyeva, Fərid Rəsulov, Sitarə İbrahimova, Rəşad Babayev, Nail Ələkbərov, Orxan Hüseynov, Nəzrin Məmmədova, Şərqiyyə Rəhmanlı.

Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq, tamaşaçıya sanki bu, rəssamın fərdi sərgisidir kimi hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaq.

"012 Bakı Public Art Festival" çərçivəsində bir sıra mükafatlara layiq görülmüş gənc kinorejissor Rüfət Həsənov layihənin daxili həyatı və inkişafı haqqında sənədli film çəkəcək. Film "012 Bakı Public Art Festival"ın sentyabrda bağlanış mərasimində göstəriləcək.

2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti