Bakı. Trend:
İran ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarının sona çatması, atəşkəsin bərpa olunması və ABŞ və İran arsında müzakirələrə ev sahibliyi etməsi ilə əlaqədar Pakistanın vasitəçilik səylərini alqışlayır.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün İslamabadda Pakistan baş naziri Şahbaz Şəriflə görüşdə deyib.
Onun sözlərinə görə, İran qonşu ölkələr, xüsusilə Pakistanla münasibətlərin hərətərfli şəkildə inkişaf etdirilməsinin tərəfdarıdır. İranın xarici siyasətində Pakistanın xüsusi mövqeyi var və İran iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin tərəfdarıdır.
Görüşdə Pakistan baş naziri Şahbaz Şərif də bildirib ki, çoxtərəfli səviyyədə və beynəlxalq təşkilatlarda əməkdaşlıq, ikitərəfli əməkdaşlıqların inkişaf etdirilməsi Pakistan və İran tərəfindən əhəmiyyət kəsb edir. Bu proses iki qonşu ölkənin birgə səyləri ilə davam edəcək.
Qeyd edək ki, İran xarici işlər naziri Seyid Abbas Əraqçi ötən gecə yüksək səviyyəli heyətin müşayiəti ilə Pakistana səfər edib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib.
