Ağcabədi. Trend:
Ağcabədidə qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, dünən saat 16:00 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması
diaqnozu təyin olunub.
2013-cu il təvəllüdlü şəxsin müalicəsi tibb müəssisəsində davam
etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Digər 2 nəfərə
zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə
buraxılıb.
Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb", məlumatda qeyd olunub.
xxx
09:00
Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Qəza zamanı bir nəfər həyatını itirib, dörd nəfər isə xəsarət alıb.
Trend-in yerli müxbirinin məlumatına görə, hadisə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı Qayğı qəsəbəsində qeydə alınıb.
Belə ki, Laçın sakini Quliyev Bakir Möhbalı oğlunun idarə etdiyi 41 BE 893 dövlət nömrə nişanlı minik avtomobili Yevlax rayon sakini Bədəlov Azər Bənah oğluna məxsus “KamAz” markalı yük maşını ilə toqquşub.
Toqquşma nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü B.Quliyev hadisə yerində ölüb. Nəqliyyat vasitəsində olan sərnişinlər - 1980-ci il təvəllüdlü Həsənov Habil Əli oğlu, 2008-ci il təvəllüdlü Həsənov Polad Habil oğlu, 2013-cü il təvəllüdlü Həsənov Murad Habil oğlu və 2014-cü il təvəllüdlü Həsənov Razi Surxay oğlu müxtəlif dərəcəli xəsarətlərlə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə zamanı həyatını itirən Bakir Quliyevin baytar həkim olduğu məlum olub. “KamAz” markalı yük maşını isə Kür çayında zədələnmiş bəndin bərpası işlərinə cəlb olunmaq üçün Yevlax rayonundan ezam edilən sürücüyə məxsus olub.
Faktla bağlı araşdırma aparılır.
