Bakı. Trend:
“X” sosial şəbəkəsi XChat adlı öz messencerini istifadəyə verib.
Trend xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
Hazırda tətbiqi yalnız "iOS" platformasında yükləmək mümkündür. "Android" üçün versiyanın isə bir qədər sonra təqdim olunacağı bildirilir. Qeydiyyat sosial şəbəkə “X”də mövcud hesab vasitəsilə, telefon nömrəsindən istifadə etmədən həyata keçirilir.
Tərtibatçılar messencerdə ikitərəfli şifrələmənin tətbiq olunduğunu bildiriblər. Anons edilən funksiyalar sırasında audio və videozənglər, fayl göndərmə imkanı və qrup çatlarının yaradılması da yer alır. Bundan əlavə, tətbiq daxilində ekran görüntüsünün (screenshot) alınmasının bloklanması funksiyası ayrıca vurğulanır.
Xidmətin digər xüsusiyyətləri arasında daxili süni intellekt "Grok", yoxa çıxan mesajlar rejimi və reklamın olmaması qeyd olunur.
