Azərbaycan dünyaya nümayiş etdirdi ki, əsas hədəf ədalətin bərpası və dayanıqlı sülhdür - Kamal Cəfərov

Siyasət Materials 26 Aprel 2026 11:35 (UTC +04:00)
Azərbaycan dünyaya nümayiş etdirdi ki, əsas hədəf ədalətin bərpası və dayanıqlı sülhdür - Kamal Cəfərov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Latviya arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətləri qarşılıqlı etimad və mühüm iqtisadi maraqlar üzərində qurulub. Bu əməkdaşlıq həm ikitərəfli səviyyədə, həm də beynəlxalq arenalarda uğurla davam etdirilərək hər iki ölkənin milli maraqlarına və regional inkişafa xidmət edir.

Latviya Prezidentinin ölkəmizə səfəri çərçivəsində Cənubi Qafqaz və Baltik regionlarında təhlükəsizlik məsələləri, regional inkişaf və ətrafda baş verən hadisələr geniş müzakirə olunub. Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə dair ən son məlumatları çatdıraraq ötən ilin avqustunda Ağ Evdə imzalanan Birgə Bəyanatdan və sülh sazişinin mətninin paraflanmasından sonra bölgədə artıq de-fakto sülhün bərqərar olduğunu diqqətə çatdırıb.

Bu fikirləri Milli Məclisin deputatı Kamal Cəfərov Trend-ə açıqlamasında qeyd edib.

O bildirib ki, Ermənistanla münasibətlərdə yaranmış yeni mənzərə məhz Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin və müdrikliyinin nəticəsidir:

“Ötən ilin avqustundan etibarən müşahidə edilən de-fakto sülh, ticarət əlaqələrinin bərpası və yanacaq təchizatı kimi bir sıra görülən işlər Azərbaycanın sülh gündəliyinin real fəaliyyətə əsaslandığını sübut edir. Ölkəmizin tətbiq etdiyi sülh modeli hazırda müharibə şəraitində olan digər dövlətlər üçün ideal çıxış yolu hesab olunmalıdır”.

Deputat təhsil sahəsindəki əlaqələrə toxunaraq vurğulayıbki, 450-dən artıq azərbaycanlı gəncin Latviyada ali təhsil alması xalqlararası münasibətlərin gələcəyinə möhkəm zəmin yaradır.

“Gündəmdə olan birbaşa uçuşların bərpası məsələsi qarşılıqlı turizm imkanlarını və biznes əlaqələrini də genişləndirəcək. Bunlar isə Azərbaycanın regiondakı tranzit və logistik mərkəz mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcəkdir”, - deyə Kamal Cəfərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti