Bakı.Trend:
Fraxtçının (daşıyıcı - red) məsuliyyətinin və hüquqi xərclərin sığortası Xəzər və Mərkəzi Asiya regionlarında daha fəal şəkildə tətbiq olunmalıdır.
Trend xəbər verir ki, bu barədə Bakıda keçirilən II Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika forumunda “Orbis Risk Partners” şirkətinin direktoru Mayk Şou bildirib.
"Fraxtçının məsuliyyəti və hüquqi xərclərin sığortalanması bu regionda hələ geniş yayılmayıb və hesab edirəm ki, bu vəziyyət dəyişməlidir. Tez-tez belə bir fikir eşidirik: "Hələ ki, heç nə baş verməyib". Bu, həm təşkilat daxilində, həm də müştərilər arasında işlədiyim şirkətlərdə qarşılaşdığım əsas arqumentdir. İnsanlar deyirlər: "Biz yükü sığortalamaq istəyirik, lakin fraxtçının məsuliyyətinin sığortası bizi narahat etmir" və ya "Dəmir yolu daşımalarını sığortalamırıq, çünki heç nə baş vermir"", – deyə o qeyd edib.
Direktor vurğulayıb ki, şirkətlər öz risklərini dəyərləndirməli və onları sığortaçılar və ya brokerlərlə müzakirə etməlidirlər.
Şounun sözlərinə görə, dəniz yük sığortası adətən saxlama və multimodal daşımaları da əhatə edir. Bu, “dəniz yük sığortası” adlandırılan və yükün bütün marşrutunu – maliyyə marağının yarandığı andan etibarən, o cümlədən dəmir yoluna yüklənmə, saxlama, gəmiyə yükləmə, boşaltma və sonrakı daşınmanı əhatə edən sığorta növüdür.
“Əgər sığortalanan maraq mövcuddursa, bütün marşrut bir sığorta polisi ilə əhatə oluna bilər. Eyni zamanda, dəmir yolunda baş verən insidentlər də mümkündür və həm yükün özü, həm də məsuliyyət, çirklənmə və ya zərər baxımından ciddi nəticələrə səbəb ola bilər. Belə hallarda kompensasiya tələbləri adətən təchizat zəncirinin iştirakçılarına yönəldilir, hətta onlar özlərini məsul hesab etməsələr belə”, – deyə o bildirib.
Onun sözlərinə görə, bu baxımdan əsas məsələ sığorta təminatının mövcudluğudur: risklər sığortalanıbmı, yoxsa şirkət mümkün nəticələri tam dərk etmədən onları faktiki olaraq öz üzərinə götürür.
O vurğulayıb ki, şirkətlər öz risklərini dəyərləndirməli və onları sığortaçılar və ya brokerlərlə müzakirə etməlidirlər.
