Xankəndidə 3 marşrut xətti istifadəyə verildi (FOTO)

Gündəm Materials 25 Aprel 2026 14:32 (UTC +04:00)
Xankəndidə 3 marşrut xətti istifadəyə verildi (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı.Trend:

Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yeni ictimai nəqliyyat şəbəkəsi şəhərin bütün əsas küçə və istiqamətlərini, Kərkicahan qəsəbəsini əhatə edir.

Şəhər sakinləri artıq yeni marşrutların üstünlüklərindən faydalanaraq, gündəlik hərəkətlərini daha rahat və təhlükəsiz şəkildə həyata keçirirlər. Sakinlər bildirirlər ki, avtobusların müntəzəm hərəkəti, dayanacaqların əlçatanlığı və xidmət keyfiyyəti onların gündəlik həyatını xeyli asanlaşdırıb. Xankəndililər yeni nəqliyyat sistemini müasir, rahat və etibarlı kimi qiymətləndirirlər.Şəhərin ictimai nəqliyyat şəbəkəsi üzrə hazırlanmış plan əsasında 3 marşrut xətti istifadəyə verilib. Belə ki, 1 nömrəli marşrut “Qarabağ Universitetinin Klinikası – Xankəndi Tikiş Fabriki”, 2 nömrəli marşrut “Kərkicahan qəsəbəsi – Dəmiryol və Avtovağzal kompleksi”, 3 nömrəli marşrut isə “Qarabağ Universitetinin Klinikası – 1-ci dairə” istiqamətində fəaliyyət göstərir.

Marşrut xətləri üzrə ümumilikdə 62 dayanacaq məntəqəsi müəyyən edilib və müvafiq nişanlarla təchiz olunub. Sərnişindaşıma isə “BakuBus” MMC-yə məxsus ekoloji təmiz elektrik avtobusları vasitəsilə həyata keçirilir. İlkin mərhələdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir.Avtobuslarda ödəniş nağdsız qaydada aparılır. Sərnişinlər “BakıKart”, QR-bilet və NFC texnologiyası vasitəsilə bank kartları, eləcə də “Google Pay” və “Apple Pay” kimi mobil ödəniş sistemlərindən istifadə edə bilirlər.Qeyd edək ki, avtobusların hərəkətinə real vaxt rejimində nəzarət edilir. Layihə regionda müasir və ekoloji təmiz nəqliyyat sisteminin formalaşdırılmasına xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti