Azərbaycanın maliyyə sektoru üzrə həftəlik İCMAL

İqtisadiyyat Materials 25 Aprel 2026 16:16 (UTC +04:00)
Azərbaycanın maliyyə sektoru üzrə həftəlik İCMAL
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftə Azərbaycanda maliyyə və iqtisadi sahədə bir sıra mühüm göstəricilər açıqlanıb və qərarlar qəbul olunub. Dövlət büdcəsinin icrası, strateji valyuta ehtiyatlarının səviyyəsi, maliyyə sektorunda tənzimləyici dəyişikliklər və beynəlxalq əməkdaşlıq istiqamətində addımlar ölkənin makroiqtisadi sabitliyinin qorunduğunu göstərir.

Dövlət büdcəsi və fiskal göstəricilər

2026-cı ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,6 milyard manata yaxın, xərcləri isə 7,8 milyard manat təşkil edib. Nəticədə 1,78 milyard manat həcmində profisit yaranıb.

Gəlirlərin strukturunda əsas payı vergi daxilolmaları (49%) və Dövlət Neft Fondundan transfertlər (33,4%) təşkil edir. Qeyri-neft-qaz sektorunun payının 57,7%-ə çatması iqtisadiyyatın şaxələndirilməsi baxımından müsbət tendensiyadır. Xərclərin 73,7%-i cari xərclərə yönəldilib, sosialyönlü xərclər isə ümumi xərclərin 54,1%-ni təşkil edib.

Dövlət borcu və ehtiyatlar

2026-cı il 1 aprel tarixinə xarici dövlət borcu 4,7 milyard dollar (ÜDM-in 6,1%-i), daxili borc isə 16,5 milyard manat (ÜDM-in 12,6%-i) səviyyəsində olub. Bu göstəricilər beynəlxalq meyarlara görə aşağı risk zonasında qalır.

Ölkənin strateji valyuta ehtiyatları 85,2 milyard dollara çatıb. Bunun 73,5 milyard dolları Dövlət Neft Fondunun, 11,6 milyard dolları isə Mərkəzi Bankın payına düşür.

Dövlət Neft Fondunun fəaliyyəti

Dövlət Neft Fondunun aktivləri bu ilin birinci rübündə 73,5 milyard dollar səviyyəsində olub. Birinci rübdə Fondun gəlirləri 3,18 milyard manat, xərcləri isə 3,22 milyard manat olub. İnvestisiya portfelində bazar dəyişiklikləri səbəbilə müəyyən azalma qeydə alınsa da, ümumi aktivlər yüksək səviyyədə qorunur.

Maliyyə sektorunda tənzimləmə və qərarlar

Mərkəzi Bank maliyyə sektorunda nəzarəti gücləndirmək istiqamətində bir neçə qərar qəbul edib. Belə ki, “Optimal Finance” BOKT-un lisenziyası kapital tələblərinə əməl olunmadığı üçün ləğv edilib, investisiya şirkətləri üçün yeni kapital və likvidlik tələbləri tətbiq olunub, avtomobillərin icbari sığortasında Bonus-Malus sistemi ləğv edilərək sığorta tarixçəsinə əsaslanan yeni mexanizm tətbiq edilib,“AtaSığorta” ASC-nin lisenziyası könüllü müraciət əsasında dayandırılıb.

Beynəlxalq əməkdaşlıq və layihələr

Azərbaycan beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı genişləndirir. ABŞ-də keçirilən görüşlərdə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) ilə makroiqtisadi çağırışlar müzakirə olunub.

Eyni zamanda, iyun ayında Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun illik toplantılarına hazırlıq davam edir.

İnfrastruktur sahəsində isə Biləcəri–Yalama dəmir yolu xəttinin modernləşdirilməsi üzrə böyük layihə üçün beynəlxalq tender elan olunub. Bildirilib ki, bu layihə Şimal–Cənub nəqliyyat dəhlizinin inkişafına töhfə verəcək.

Ümumilikdə, ötən həftənin maliyyə mənzərəsi Azərbaycanın makroiqtisadi sabitliyinin qorunduğunu və maliyyə sisteminin dayanıqlılığının gücləndiyini göstərir. Büdcə profisiti, yüksək valyuta ehtiyatları və aşağı borc səviyyəsi iqtisadi təhlükəsizliyi təmin edən əsas amillərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti