Bakı. Trend:
Polşa hakimiyyəti Cənubi Amerika Ümumi Bazarına (MERCOSUR) üzv ölkələrlə bağlanmış ticarət sazişindən Avropa İttifaqı Məhkəməsinə şikayət edəcək.
Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə respublikanın Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
“Polşa MERCOSUR ilə saziş məsələsi üzrə Avropa İttifaqı Məhkəməsinə şikayət edəcək”, - deyə Kosinyak-Kamış “X” sosial şəbəkəsində yazıb.
Yanvarın 17-də Paraqvayda Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında azad ticarət sazişi imzalanıb. Sazişin mayın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Razılaşmanı ilk növbədə Almaniya və Şimali Avropa ölkələri dəstəkləyiblər; bu ölkələr Aİ-dən Cənubi Amerikaya ixrac olunan avtomobil, kimya və əczaçılıq sənayesi məhsullarına tətbiq edilən gömrük rüsumlarının azaldılmasında maraqlıdırlar.
Eyni zamanda, Avstriya, Macarıstan, İrlandiya, Polşa və Fransa sənədə qarşı çıxırlar. Onlar Cənubi Amerikadan ucuz kənd təsərrüfatı məhsullarının Avropa bazarına sərbəst daxil olmasını istəmirlər. Yanvarın 21-də Avropa Parlamenti deputatları MERCOSUR ilə azad ticarət sazişinin Aİ normalarına uyğunluğunun yoxlanılması üçün Avropa İttifaqı Məhkəməsinə müraciətin dəstəklənməsi barədə qətnamə qəbul ediblər.
