Bakı. Trend:
Trend Beynəlxalq İnformasiya Agentliyi Azərbaycanın enerji sektorunda bu həftə baş vermiş əsas hadisələrin icmalını təqdim edir.
Neft sektoru
Bu həftə Azərbaycandan Ermənistana dizel yanacağının partiyası göndərilib. 16 vaqondan ibarət və 974 ton dizel yanacağı daşıyan yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətinə yola salınıb.
21 aprel tarixində SOCAR Aralıq dənizi şelfində seysmik tədqiqatlara başlayacağı tarixi açıqlayıb.
SOCAR, bp və “NewMed Energy” şirkətlərinin daxil olduğu konsorsiumun 2026-cı ilin sentyabr ayında İsrailin Aralıq dənizi şelfində yerləşən 1-ci zonada 3D seysmik tədqiqatlara başlayacağı gözlənilir.
"SOCAR Petroleum" Xəzər dənizində “gəmidən gəmiyə” üsulu ilə yanacaq təchizatı əməliyyatlarına start verildiyini elan edib. Bildirilib ki, bu addım şirkətin inkişafında yeni mərhələ olmaqla yanaşı, Azərbaycanın dəniz logistikasında və yanacaq təchizatı sahəsində mövqeyini daha da gücləndirir. “Gəmidən gəmiyə” (ship-to-ship) üsulu ilə həyata keçirilən ilk bunkerləmə əməliyyatı beynəlxalq standartlara uyğun olaraq uğurla reallaşdırılıb.
23 aprel tarixində Bakıda II Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika üzrə forum işə başlayıb. Forumun gündəliyi nəqliyyat və infrastruktur, maliyyə aspektləri və sövdələşmələr, eləcə də dəyişən qlobal mühit şəraitində ticarət strategiyaları daxil olmaqla əsas istiqamətləri əhatə edib.
Forum regional neft ticarəti və logistika sahəsində peşəkar dialoqun inkişafına, təcrübə mübadiləsinə və işgüzar təmasların qurulmasına yönəlib.
Bu həftə "Azeri Light CIF", "Urals", "Dated Brent" və "Azeri Light FOB Ceyhan" markalı neftin orta qiymətləri azalıb.
Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən "Azeri Light CIF" markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 3,39 ABŞ dolları və ya 2,9 faiz azalaraq 112,1 ABŞ dolları təşkil edib.
Məlumata əsasən, həftə ərzində bu markalı xam neftin maksimal qiyməti bir barel üçün 113,97 ABŞ dolları, minimal qiyməti isə 110,51 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə "Azeri Light" markalı neftin orta qiyməti bir barel üçün 109,01 ABŞ dolları təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 2,42 ABŞ dolları və ya 2,2 faiz aşağıdır. Həftə ərzində ən yüksək qiymət 110,78 ABŞ dolları, ən aşağı qiymət isə 107,39 ABŞ dolları olub.
"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,19 ABŞ dolları və ya 0,2 faiz azalaraq bir barel üçün 84,50 ABŞ dollarına düşüb. Həftə ərzində maksimal qiymət 87,81 ABŞ dolları, minimal qiymət isə 79,73 ABŞ dolları təşkil edib.
"Dated Brent" markalı neftin orta qiyməti 109,69 ABŞ dolları olub ki, bu da ötən həftə ilə müqayisədə 8,22 ABŞ dolları və ya 7 faiz aşağıdır. Həftə ərzində bir barel üzrə ən yüksək qiymət 112,31 ABŞ dolları, minimal qiymət isə 105,96 ABŞ dolları olub.
Qaz sektoru
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, “Dərinsulu Günəşli" platformasının istismara verildiyi dövrdən bu günədək 91,5 milyon ton neft və 19,6 milyard kubmetr qaz hasil olunub.
Bundan əlavə, bu həftə Serbiyanın Mədən sənayesi və energetika naziri Dubravka Djedoviç Handanoviç bildirib ki, Serbiya Azərbaycanla illik 0,9 milyard kubmetrə qədər qazın çevik tədarükü imkanını müzakirə edir və 2030-cu ildə Niş şəhərində qaz elektrik stansiyasının tikintisi başa çatdıqdan sonra bu həcmin illik 1,4 milyard kubmetrə qədər artırılması perspektivi mövcuddur.
Yaşıl iqtisadiyyat
20 aprel tarixində Azərbaycanın Energetika Nazirliyi ölkədə elektrik enerjisinin gündəlik istehsalında bərpa olunan enerji mənbələrinin payını açıqlayıb. Belə ki, bu göstərici 34,1 faizə çatıb.
Şəfəq (Cəbrayıl) günəş layihəsinin investorları olan bp, "SOCAR Green", Azərbaycan Biznesinin İnkişafı Fondu və MVM bildiriblər ki, Cəbrayıl rayonunda yerləşən layihə sahəsində günəş panellərinin quraşdırılmasına başlamaqla layihə növbəti mərhələyə keçir. İlk günəş panelinin bu ayın əvvəlində quraşdırılması ilə layihə üzrə tikinti işləri plana uyğun irəliləməkdə davam edir.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti Nadir İmanov bildirib ki, bu layihənin həyata keçirilməsində mühüm mərhələdir. Onun sözlərinə görə, tərəfdaşlarla birlikdə əsas diqqət layihənin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə yönəldilməklə tikinti işləri əminliklə irəli aparılır. İmanov bu mühüm layihənin bərpa olunan elektrik enerjisinin istehsalı sahəsini və şirkətin regiondakı layihələrinin karbonsuzlaşdırılmasını dəstəkləməklə Azərbaycanın enerji keçidi səylərinə töhfə verəcəyinə inandığını bildirib.
