Bakı.Trend:
Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 25 aprel – Sahibkarlar Günü münasibətilə yerli sahibkarlar və iş adamları ilə görüş keçirilib.
Görüşdən əvvəl Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov və yerli sahibkarlar Xaçmaz şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 25 aprel – Sahibkarlar Günü münasibətilə iş adamlarını təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli iqtisadi islahatlar ölkənin dayanıqlı iqtisadi artımını təmin edir, qeyri-neft sektorunun dinamik inkişafını sürətləndirir, investisiya mühitini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Xaçmaz rayonunda da yerli istehsalın təşviqi, innovasiyaların dəstəklənməsi və dayanıqlı iqtisadi artımın təmin edilməsi istiqamətində kompleks tədbirlər uğurla icra olunur. Rayonda intensiv meyvə bağlarının sahəsi ilbəil genişləndirilir, yeni emal və istehsal müəssisələri yaradılır.
Digər çıxış edənlər də dövlətin sahibkarlara yaratdığı imkanları yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tədbir çərçivəsində rayonun iqtisadi dinamikasına xüsusi töhfə verən, sosial məsuliyyət nümayiş etdirən və innovativ layihələr həyata keçirən qabaqcıl sahibkarlar Fəxri fərmanla təltif ediliblər.