Bakı. Trend:
Alimlər Keniyada qədim qayaüstü rəsmlərin müəlliflərini müəyyən ediblər.
Trend xəbər verir ki, bu barədə “Naked Science” nəşri yazır.
Keniyanın Kakapel sığınacağındakı qayaüstü incəsənət həmişə bütöv mədəniyyətlərin dəyişməsinin bir növ salnaməsi olub: həndəsi naxışlar, inək təsvirləri və mücərrəd işarələr burada bir-birinin üzərinə dörd aydın qat şəklində düşür. Tədqiqatçılar bu qatları yalnız ayırmaqla kifayətlənməyib, həm də müəyyən ediblər ki, ən qədim rəsmlər piqmeyəbənzər ovçu-yığıcılar tərəfindən yaradılıb, daha sonrakı inək və həndəsi təsvirlər isə nilotik dillərdə danışan maldar tayfalara məxsusdur.
Kakapel sığınacağı Keniyanın qərbində, Elqon dağının ətəyindəki təpələrdə yerləşir. Bu, uzunluğu 25 metr, dərinliyi təxminən beş metr olan qranit qayaaltı sığınacaqdır. O, ilk dəfə 1976–1977-ci illərdə tədqiqatçı Osaqa Odak tərəfindən təsvir edilib. O, rəsmlərin təxmini eskizlərini hazırlamış, insanları, heyvanları və həndəsi fiqurları ayırd etmişdi. Lakin nə o, nə də sonrakı tədqiqatçılar təsvirlərin yaşını və müəlliflərini müəyyən edə bilmişdilər.
2018–2020-ci illərdə sığınacaq ərazisində genişmiqyaslı qazıntılar aparılıb, bu zaman sümüklər, keramika və insan qalıqları aşkar edilib. Bu işlər zamanı alimlər bütün rəsmləri maksimum dəqiqliklə sənədləşdiriblər. Bunun üçün onlar əl ilə konturlama metodundan istifadə ediblər: təsvirlərin üzərinə nazik şəffaf plyonka qoyulub və bütün detallar mexaniki qələmlərlə çəkilib. Yerdən çatmaq mümkün olmayan hissələrə isə nərdivanlar və tikinti qurğuları vasitəsilə çıxıblar.
