Çernobıl faciəsinin 40-cı ildönümünə həsr olunmuş ictimai müzakirə keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2026 17:36 (UTC +04:00)
Çernobıl faciəsinin 40-cı ildönümünə həsr olunmuş ictimai müzakirə keçirilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Milli QHT Forumunun “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyi ilə birgə Çernobıl faciəsinin 40-cı ildönümünə həsr olunmuş ictimai müzakirə təşkil edilib.

Trend xəbər verir ki, tədbirdə Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş şəxslər və onların ailə üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.

Azərbaycan Milli QHT Forumunun sədri Ramil İskəndərli Çernobıl faciəsinin bəşəriyyət üçün ağır nəticələrindən bəhs edib, Azərbaycan vətəndaşlarının bu fəlakətin nəticələrinin aradan qaldırılmasında göstərdiyi fədakarlığı xüsusi vurğulayıb.

“Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov qeyd edib ki, 1986-cı ildə baş vermiş qəza minlərlə insanın həyatına ciddi təsir göstərib, Azərbaycandan 8500 nəfər qəzanın nəticələrinin ləğvinə cəlb olunub, onların bir çoxunun sağlamlığına ciddi ziyan dəyib. M.Həsənov Çernobıl əlillərinin sosial müdafiəsi istiqamətində görülən işlərə toxunub, bu məsələlərin həll olunmasında Ümummilli lider Heydər Əliyevin göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib. Bildirib ki, ilk dəfə Naxçıvan MR-da Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Çernobıl qəzasında sağlamlığına ziyan dəymiş şəxslərin əlilliyinin ömürlük təyin edilməsi barədə qərar qəbul edilib. Daha sonra Ümummilli liderin hakimiyyətə qayıdışından sonra onun təşəbbüsü ilə qəbul edilən qanunlar bu sahədə mühüm rol oynayıb, Çernobıl qəzasında sağlamlığına ziyan dəymiş şəxslərin sosial hüquqları tanınıb. Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində artıq Çernobıl əlilləri də dövlət tərəfindən mənzillərlə təmin edilir, onlar Prezident təqaüdü və pensiya alırlar.

Azərbaycan Milli QHT Forumunun İH üzvü Zaur İbrahimlinin moderatorluğu ilə müzakirələrdə gənc nəslin Çernobıl qəzası və qəzanın ləğvində iştirak etmiş şəxslərin qəhrəmanlığı, bununla əlaqədar azərbaycanlıların bəşəri təhlükənin aradan qaldırılmasında rolu haqqına maarifləndirilməsi, hazırda daha çox aktuallasan nüvə qəzaları təhdidlərinə qarşı ictimai təşəbbüslər, sosial müdafiə məsələləri müzakirə edilib.

Daha sonra “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənova Çernobıl faciəsi qurbanlarının xatirəsinin yaşadılması və bu qəza nəticəsində əlil qalan şəxslərin hüquqlarının qorunması üçün gördüyü işlərə, bu istiqamətdə uzunmüddətli ictimai fəaliyyəti və cəmiyyətin maarifləndirilməsinə verdiyi töhfələrə görə təşəkkürnamə ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti