Bakı. Trend:
İranın xarici işlər naziri Abbas Əraqçinin Pakistana səfəri zamanı ABŞ nümayəndələri ilə hər hansı görüş keçirməsi planlaşdırılmır.
Trend xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.
O, X sosial şəbəkəsində yazıb: “İranla ABŞ arasında heç bir görüş planlaşdırılmır, çünki İranın mövqeyi Pakistana çatdırılacaq”. Bəqai qeyd edib ki, Əraqçi yalnız İslamabadın Yaxın Şərqdəki münaqişənin dayandırılması istiqamətində vasitəçilik səyləri çərçivəsində Pakistanın yüksəkvəzifəli rəsmiləri ilə görüşəcək.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub.
Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib. Bununla belə İrana qarşı tətbiq olunan dəniz blokadası qüvvədə saxlanılıb.
