Bakı. Trend:
Orta Dəhlizin növbəti inkişaf mərhələsi yalnız tranzitlə deyil, onun logistika infrastrukturunun dərinliyi ilə müəyyən olunacaq.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın “Royal Express” nəqliyyat şirkətinin Baş direktorunun müavini Laşa Amaşukeli sosial şəbəkə hesabında paylaşım edib.
“Orta Dəhliz haqqında danışarkən biz tez-tez onun sürətli inkişafını vurğulayırıq və bu, tam haqlıdır. Yük axınları 2025-ci ildə təxminən 5,2 milyon tona çatdı, halbuki 2019-cu ildə bu göstərici təxminən 1 milyon ton idi. Bu, cəmi bir neçə il ərzində 5 dəfə artım deməkdir. Bəli, hamımız bu artımın davam etməsini istəyirik. Amma belə artım yalnız mövcud impulsla baş vermir. Bu, çox konkret dəstək tələb edir. Təkcə hökumətlərdən deyil, eyni zamanda özəl sektordan da. Ən əsası, düzgün növ infrastruktur yatırımları tələb edir. Çünki dəhliz sadəcə yollar və dəmir yolları deyil. Əsl dəhliz, dəhliz boyunca yerləşən infrastruktur üzərində qurulur”, - o bildirib.
Şirkət rəsmisi Orta Dəhliz boyunca anbarların üstünlüyünü xüsusi vurğulayıb:
“Bu gün mən tez-tez diqqətdən kənarda qalan, lakin çox vacib bir elementə fokuslanmaq istəyirəm: anbarlar.
Anbarlar sadəcə saxlama məkanları deyil , onlar axını təmin edən əsas elementlərdir. Onlar yüklərin nə qədər sürətli hərəkət etdiyini, nə qədər səmərəli idarə olunduğunu və dəhlizin nə dərəcədə rəqabətqabiliyyətli olduğunu müəyyən edir.
Əgər biz bu marşrutu daha da genişləndirməkdə ciddiyiksə, anbar infrastrukturu limanlar, dəmir yolları və avtomobil yolları ilə yanaşı əsas prioritetlərdən birinə çevrilməlidir. Çünki kifayət qədər və düzgün paylanmış anbar infrastrukturu olmadan, yüklər hərəkət edəcək, amma səmərəli deyil, rəqabətli deyil və böyük miqyasda deyil. Bu, həm hökumətlər, həm də investorlar üçün aydın bir siqnaldır: Orta Dəhlizin növbəti inkişaf mərhələsi yalnız tranzitlə deyil, onun logistika infrastrukturunun dərinliyi ilə müəyyən olunacaq”.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən, həmçinin Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.
