Bakı.Trend:
Qazaxıstandan neft məhsullarının sabit tədarükünü təmin etmək üçün Xəzər dənizinin hər iki tərəfində dəmir yolu və liman infrastrukturuna investisiyalar tələb olunur.
Trend xəbər verir ki, bunu “Central Asia Marketing” şirkətinin sahibi və təsisçisi Kolin Nesbet II Xəzər dənizi və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu (CPC) daxil olmaqla əsas tədarük marşrutunu genişləndirir, lakin hasilat və ixrac da artır.
“Xəzərin hər iki tərəfində dəmir yolu və liman infrastrukturuna investisiyalar zəruridir. Bu proses dövlət orqanları ilə koordinasiya edilməlidir”, – deyə o qeyd edib.
Nesbet bildirib ki, büdcə məhdudluğu ciddi problemdir. Buna görə təşəbbüs iri istehsalçıların özlərindən gəlməlidir.
Onun sözlərinə görə, digər həll yolu Bakı və Kurık yaxınlığında dənizdə yerləşən müvəqqəti üzən terminallardır (MÜT).
“Məsələ ondadır ki, MÜT-lər sahildən 2–3 kilometr aralıda dənizdə quraşdırılır. Xüsusilə, Bakı və Kurık sahillərində APL şirkətinin təşviq etdiyi SAL sistemindən istifadə etmək olar. Adi MÜT-lərdən fərqli olaraq, burada tankeri saxlamaq üçün yedəkləyicilərə ehtiyac olmur, SAL texnologiyası buna imkan verir”, – deyə Nesbet vurğulayıb.
