Bakı. Trend:
Hazırda süni intellekt ən çox mətbuat, ədəbiyyat və mədəniyyət sahələrinə ciddi təsir göstərir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputat Siyavuş Novruzov bu gün Bakıda "Beynəlxalq Əqli Mülkiyyət Günü" münasibətilə "İnnovativ Potensial: Əqli Mülkiyyət + Süni İntellekt" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu da müəlliflik hüquqlarının pozulması problemini yaradır:
"Dünyada süni intellekt artıq insan həyatının ayrılmaz hissəsinə çevrilib və cəmiyyətimiz də bu dəyişikliklərə uyğunlaşmalıdır. Süni intellektin yaratdığı müsbət və mənfi imkanlardan düzgün istifadə etməklə risklərin qarşısını almaq mümkündür. Müxtəlif sahələrdə süni intellektin tətbiqi insan əməyinin azalmasına və məhsuldarlığın artmasına səbəb olur. Bu texnologiyanın ölkədə istifadəsi ilə bağlı hüquqi bazanın formalaşdırılması istiqamətində də mühüm addımlar atılır.
Hazırda süni intellekt ən çox mətbuat, ədəbiyyat və mədəniyyət sahələrinə təsir göstərir. Bu isə müəlliflik hüquqlarının pozulması ilə bağlı problemlər yaradır. Bu məsələlərin dərindən araşdırılması və qarşısının alınması üçün ciddi tədbirlərin görülməsi zəruridir. Eyni zamanda, müxtəlif ölkələr qanunvericiliklərini uyğunlaşdırmalıdır ki, insanlar bu yeni texnologiyadan iş və həyat şəraitinin yaxşılaşdırılması üçün səmərəli şəkildə istifadə edə bilsinlər".
