Britaniya Ticarət Palatası süni intellektin inkişafı və digər yeni istiqamətlərdə Azərbaycanı dəstəkləməyə hazırdır (ÖZƏL)

İqtisadiyyat Materials 23 Aprel 2026 21:00 (UTC +04:00)
Britaniya Ticarət Palatası süni intellektin inkişafı və digər yeni istiqamətlərdə Azərbaycanı dəstəkləməyə hazırdır (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Britaniya Ticarət Palatası süni intellekt və digər yeni istiqamətlərin inkişafında Azərbaycanı dəstəkləməyə hazırdır.

Bunu Britaniya Ticarət Palatasının Azərbaycan bölməsinin sədri Con Patterson Bakıda keçirilən II Xəzər və Mərkəzi Asiya neft ticarəti və logistikası forumu çərçivəsində Trend-ə açıqlamasında bildirib.

“Biz əsasən bp şirkəti sayəsində və ölkə iqtisadiyyatında təxminən 1995-ci ildən bu günədək neft-qaz sektorunun dominant mövqe tutması nəticəsində Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biriyik. Bu gün neft və qaz gəlirlərinin Azərbaycanın ÜDM-dəki payı əvvəlki səviyyədə olmasa da, bp və Britaniya biznesi 1990-cı illərin ortalarından etibarən bazarda fəal iştirakını davam etdirir”, – deyə o qeyd edib.

C.Pattersonun sözlərinə görə, Britaniya Ticarət Palatası Azərbaycanda Britaniya və yerli biznes arasında əməkdaşlığın inkişafı üzərində işləyir və yalnız neft-qaz sektorundan kənara çıxmağı hədəfləyir.

“Biz hələ də enerji sektorunda – bp və ölkədə fəaliyyət göstərən Britaniya podratçı şirkətləri vasitəsilə – fəal iştirak edirik. Bu sahə iqtisadi əməkdaşlığın mühüm hissəsi olaraq qalmaqdadır. Eyni zamanda, Azərbaycanın uzunmüddətli iqtisadi uğurunun əsas amili iqtisadiyyatın mərhələli şəkildə şaxələndirilməsi və neft-qazdan asılılığın azaldılmasıdır. Bu kontekstdə biz təhsil, süni intellekt və digər texnoloji sahələr də daxil olmaqla yeni istiqamətlərin inkişafını dəstəkləməyə can atırıq”, – deyə o əlavə edib.

C.Patterson qeyd edib ki, bu aspektdə maliyyə sektoru da mühüm rol oynayır, ələlxüsus da, Londonun dünyanın aparıcı maliyyə mərkəzlərindən biri olduğu nəzərə alınsa.

Bundan əlavə, o, nəqliyyat sahəsinə və Orta Dəhlizin əhəmiyyətinə toxunub.

“Orta Dəhliz ayrıca önəm qazanmaqdadır. Onun əhəmiyyəti praktikada da özünü göstərir: digər marşrutlarda fasilələr yarandıqda bu regiondan keçən alternativ nəqliyyat yollarının rolu artır. Çin ilə Avropa arasında və ya əks istiqamətdə yükdaşımalar üçün Orta Dəhliz üzrə dəmir yolu marşrutları daha uzun və daha həssas marşrutlardan keçən dəniz daşımaları ilə müqayisədə potensial olaraq daha sürətli və dayanıqlı ola bilər. Lakin dəhlizin potensialının tam reallaşdırılması üçün, o cümlədən texniki-iqtisadi əsaslandırma və infrastrukturun inkişafı istiqamətində hələ xeyli iş görülməlidir”, – deyə C.Patterson izah edib.

Onun fikrincə, əlavə çağırışlardan biri də Xəzər dənizinin səviyyəsinin dəyişməsidir ki, bu da gəmiçiliyin və digər daşımaların inkişafı daxil olmaqla nəqliyyat və logistika infrastrukturunun mövcud şəraitə adaptasiyasını tələb edir.

“Bütövlükdə, Orta Dəhlizin inkişafı regional əlaqəliliyin gücləndirilməsi və ayrı-ayrı geosiyasi risklərdən daha az asılı olan daha dayanıqlı nəqliyyat sisteminin yaradılması vasitəsi kimi nəzərdən keçirilir”, – deyə C.Patterson yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti