Bakı. Trend:
Azərbaycan Banklar Assosiasiyasının (ABA) 2026–2030-cu illər üzrə strateji hədəfləri təsdiqlənib: "Bu hədəflər çərçivəsində xüsusilə post-neft dövründə kiçik və orta biznesin inkişafı, yeni iqtisadi siyasətə uyğun olaraq iqtisadiyyatın maliyyələşdirilməsinə dəstəyin gücləndirilməsi nəzərdə tutulur.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev bildirib.
O qeyd edib ki, bu proseslərə dəstək məqsədilə Azərbaycan Bank Maliyyə Tədris Mərkəzinin (ABMTM) genişləndirilməsi planlaşdırılır: "Mərkəz maliyyə sektorunda fəaliyyət göstərən assosiasiyaların təsisçiliyi ilə fəaliyyətini genişləndirəcək, kadr hazırlığına diqqət daha da artırılacaq. Ümumilikdə maliyyə sektorunda 30 mindən çox əməkdaş çalışır və onların sertifikatlaşdırılması üçün zəruri dəstək tədbirləri həyata keçiriləcək".
Z. Nuriyev bildirib ki, bununla yanaşı, Mərkəzi Bank tərəfindən risklərin idarə edilməsi və Basel standartlarının yüksəldilməsi istiqamətində görülən işlərə dəstək olaraq təlim və tədris proqramları gücləndiriləcək: "Bankların qiymətli kağızlar bazarında daha fəal iştirakı təmin ediləcək, maliyyə sektorunun müxtəlif seqmentləri arasında əməkdaşlıq və sinerji artırılacaq.
Həmçinin sığorta, qiymətli kağızlar və fintex bazarlarının inkişafı, açıq bankçılığın tətbiqi, ödəniş sistemlərinin təkmilləşdirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib. Eyni zamanda kibertəhlükəsizlik tədbirlərinin genişləndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi də planlaşdırılır".
Assosiasiyası rəhbəri, həmçinin "yaşıl iqtisadiyyat"a bankların
töhfəsindən də bəhs edib: "COP29 çərçivəsində bank sektoru
qarşıdakı beş il ərzində 2 milyard manat həcmində yaşıl kredit
öhdəliyi götürüb və bu istiqamətdə artıq müvafiq tədbirlər həyata
keçirilir. Yaşıl maliyyələşdirmə həm ekoloji tarazlığın
qorunmasına, həm də iqtisadiyyatın yeni dövrün tələblərinə uyğun
transformasiyasına xidmət edəcək.
Sistem əhəmiyyətli banklar tərəfindən bir sıra iri pilot layihələr
icra olunur və bu layihələr yaşıl, dayanıqlı iqtisadiyyata keçidin
təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, bir müddət
əvvəl Enerji Effektivliyi Fondu yaradılıb. Banklar fondun
vəsaitlərindən aktiv istifadə etməklə enerji səmərəliliyini artıran
və “yaşıl iqtisadiyyat”a keçidi dəstəkləyən layihələrin ayrıca
maliyyələşdirilməsini planlaşdırırlar".
