Bakı. Trend:
Aprelin 23-də Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasının növbəti ildönümü qeyd edilir. Artıq üç ildir ki, bu qərar təkcə konkret bir infrastruktur addımı kimi deyil, ölkənin suveren iradəsinin və prinsipial mövqeyinin praktik ifadəsi kimi dəyərləndirilir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Millət vəkili vurğulayıb ki, 2023-cü ildə atılmış bu addımın mahiyyəti ilk növbədə Azərbaycanın öz sərhədləri üzərində tam nəzarəti təmin etmək iradəsindən qaynaqlanırdı:
“Bu, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dövlətin öz ərazi bütövlüyünü qorumaq hüququnun real müstəvidə təsdiqi idi. Həmin gün Azərbaycan Bayrağının bu məntəqədə ucaldılması isə sadəcə rəmzi jest deyil, faktiki olaraq yeni reallığın nümayişi idi – Azərbaycan öz suveren ərazilərində tam hüquqlu sahib kimi çıxış edir.
Bu qərarın arxasında dayanan əsas siyasi xətt isə Prezident İlham Əliyevin ardıcıl və qətiyyətli siyasəti ilə bağlıdır. Məhz bu prinsipial yanaşma nəticəsində ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan addımlar tədricən praktik nəticələrə çevrilir. Prezidentin həmin dövrdə səsləndirdiyi fikirlər də göstərirdi ki, buraxılış məntəqəsinin yaradılması təsadüfi deyil, düşünülmüş və strateji baxımdan əsaslandırılmış qərardır”.
Deputatın sözlərinə görə, məntəqənin fəaliyyəti qısa müddət ərzində konkret nəticələrlə müşayiət olundu. Əvvəllər işğal altında olmuş ərazilərdə törədilmiş cinayətlərlə bağlı bəzi şəxslərin saxlanılması və istintaqa cəlb edilməsi bu mexanizmin yalnız texniki və ya inzibati xarakter daşımadığını açıq şəkildə göstərdi. Bu, həm də ədalətin təmin olunması, qanunun aliliyinin bərpası istiqamətində mühüm bir alətə çevrildiyini sübut etdi.

V.İskəndərovun fikrincə, bu addım eyni zamanda regionda təhlükəsizlik mühitinə də birbaşa təsir göstərdi:
“Nəzarət mexanizmlərinin gücləndirilməsi qanunsuz fəaliyyətlərin qarşısının alınmasına, sərhəd rejiminin daha effektiv təşkilinə və ümumilikdə sabitliyin möhkəmlənməsinə xidmət etdi. Bu baxımdan Laçın istiqamətində qurulan sistem təkcə bir yol üzərində nəzarət deyil, daha geniş mənada dövlətin idarəetmə və təhlükəsizlik arxitekturasının mühüm elementi kimi çıxış edir”.
Parlamentari sonda qeyd edib ki, üç il ərzində bu məntəqə öz funksionallığını və strateji əhəmiyyətini tam şəkildə təsdiqləyib.
“Onun fəaliyyəti bir daha göstərir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət ardıcıl, məqsədyönlü və uzunmüddətli nəticələrə hesablanmış şəkildə qurulub. Bu gün qeyd olunan ildönümü də məhz həmin yanaşmanın – suverenliyin bərpası və möhkəmləndirilməsi istiqamətində atılmış qətiyyətli addımların məntiqi davamı kimi qiymətləndirilməlidir”, - deyə o sözünə yekun vurub.
