Bakı.Trend:
ABŞ atəşkəs rejiminin pozulacağı təqdirdə, İranın Hörmüz boğazındakı müdafiə obyektlərinə zərbələrin endirilməsi ilə bağlı planlar hazırlayır.
Trend xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, nəzərdən keçirilən hədəf variantları arasında İranın Hörmüz boğazı, Fars körfəzinin cənub hissəsi və Oman körfəzinin yaxınlığındakı obyektlərinə dinamik hədəflənmiş zərbələr yer alır.
“Söhbət Tehrana bu mühüm su yollarını effektiv şəkildə bağlamağa imkan verən kiçik sürətli hücum katerləri, mina döşəyən gəmilər və digər assimetrik vasitələrə qarşı potensial hücumlardan gedir”,- materialda qeyd olunur.
Telekanal qeyd edir ki, ABŞ hərbçiləri İranı danışıqlar masasına əyləşdirməyə cəhd çərçivəsində “ikili təyinatlı” obyektlərə və enerji infrastrukturu daxil olmaqla digər infrastruktur hədəflərinə zərbələri də nəzərdən keçirir.
Bundan əlavə, ABŞ rəsmilərinin iddiasına görə, hərbi plan tərtibatçıları danışıqları fəal şəkildə pozan ayrı-ayrı iranlı hərbi liderlərə mümkün zərbə variantını da hazırlayıblar. Bildirilir ki, potensial hədəflər sırasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı da yer alır.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub.
Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib. Bununla belə İrana qarşı tətbiq olunan dəniz blokadası qüvvədə saxlanılıb.
