Azərbaycan–Latviya münasibətləri strateji xətt üzrə inkişaf edir – RƏY

Siyasət Materials 23 Aprel 2026 13:56 (UTC +04:00)
Azərbaycan–Latviya münasibətləri strateji xətt üzrə inkişaf edir – RƏY
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin 22 aprel 2026-cı il tarixində Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatı Azərbaycan–Latviya münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilməlidir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bu səfər bir daha göstərdi ki, ölkələrimiz arasında əlaqələr möhkəm hüquqi baza və qarşılıqlı etimada əsaslanır:

“Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu münasibətlərin əsasını təşkil edir və bu gün həmin sənəd real məzmunla zənginləşdirilir. İkitərəfli gündəliyin həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş müzakirə olunması əməkdaşlığın sistemli və ardıcıl xarakter daşıdığını göstərir”.

Deputat bildirib ki, bir həftə əvvəl Qarabağda – Şuşada keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın iclası xüsusi əhəmiyyət kəsb edir:

“Bu fakt Azərbaycanın post-münaqişə dövründə regional əməkdaşlıq və iqtisadi reinteqrasiya siyasətinin beynəlxalq tərəfdaşlar tərəfindən dəstəkləndiyini nümayiş etdirir. Bakıda keçirilən biznes-forum isə iqtisadi münasibətlərin yeni mərhələyə keçməsi üçün praktik platforma rolunu oynayır. Qarşılıqlı sərmayələrin təşviqi, birgə istehsal layihələri və ticarət dövriyyəsinin artırılması hər iki ölkə üçün real iqtisadi dividendlər vəd edir.

Birbaşa uçuşların nəzərdən keçirilməsi, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi də əlaqələrin intensivləşməsinə xidmət edəcək. Xüsusilə hazırkı qlobal çağırışlar fonunda Azərbaycanın aviasiya və logistika imkanları əlavə üstünlük yaradır.

Təhsil və humanitar sahədə əməkdaşlıq da xüsusi vurğulanmalıdır. Latviyada 450-dən artıq azərbaycanlı tələbənin təhsil alması xalqlarımız arasında uzunmüddətli əlaqələrin formalaşmasına mühüm töhfə verir və gələcək əməkdaşlığın insan kapitalı bazasını gücləndirir.

Səfər çərçivəsində Cənubi Qafqaz və Baltik regionlarında təhlükəsizlik məsələlərinin müzakirəsi, xüsusilə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi ilə bağlı məlumat mübadiləsi beynəlxalq ictimaiyyət üçün də önəmli mesajdır. Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə və sülh gündəliyinə sadiqliyi regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.

Ümumilikdə, bu səfər Azərbaycan–Latviya münasibətlərinin strateji xətt üzrə inkişaf etdiyini, siyasi dialoqun yüksək səviyyədə olduğunu və iqtisadi, humanitar, təhlükəsizlik sahələrində yeni imkanların formalaşdığını təsdiqlədi. Əminliklə demək olar ki, qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanan bu əməkdaşlıq yaxın illərdə daha da dərinləşəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti