Bakı. Trend:
Azad edilmiş ərazilərdə guya “erməni irsinin məhv edilməsi” ilə bağlı irəli sürülən iddialar ilk baxışda emosional təsir bağışlasa da, məsələni faktlar prizmasından qiymətləndirəndə tam fərqli mənzərə ortaya çıxır. Bu mövzuda səsləndirilən fikirlərdə əsas problem ondan ibarətdir ki, uzun illər ərzində Azərbaycan torpaqlarında baş verən real dağıntılar və mədəni irsə qarşı törədilmiş sistemli vandalizm məqsədli şəkildə diqqətdən kənarda saxlanılır.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Azər Allahverənov deyib.
Millət vəkilinin sözlərinə görə, işğal dövründə Azərbaycanın zəngin tarixi-dini irsi ciddi zərbəyə məruz qalıb. Bu, təsadüfi və ya lokal xarakterli hadisələr olmayıb, əksinə, ardıcıl və planlı şəkildə həyata keçirilmiş dağıntılarla müşayiət olunub. Yüzlərlə abidənin məhv edilməsi, talan olunması və ya mənimsənilərək saxtalaşdırılması həmin siyasətin mahiyyətini açıq şəkildə göstərir. Bir çox hallarda isə abidələrin sadəcə fiziki olaraq dağıdılması ilə kifayətlənilməyib, onların tarixi mənşəyi dəyişdirilərək başqa kimlik altında təqdim edilməsi cəhdləri də müşahidə olunub.
Deputat bildirib ki, xüsusi həssaslıq doğuran məsələlərdən biri məzarlıqlara münasibətlə bağlıdır:
“Azərbaycanın müxtəlif rayonlarında – Ağdamda, Füzulidə, Zəngilanda, Kəlbəcərdə və Cəbrayılda yerləşən onlarla qəbiristanlığın dağıdılması, qəbirlərin təhqir olunması, baş daşlarının sındırılması və oğurlanması faktları təkcə maddi irsə deyil, həm də xalqın mənəvi dəyərlərinə qarşı yönəlmiş açıq hörmətsizlik nümunəsidir. Bu cür addımların sistemli xarakter daşıması isə onun təsadüfi deyil, məqsədli olduğunu göstərir.
Eyni yanaşma dini abidələrə münasibətdə də özünü göstərib. Bəzi məscidlərin təyinatından kənar istifadə olunaraq heyvan saxlanılan məkanlara çevrilməsi faktları xüsusilə diqqət çəkir. Bu, yalnız dağıntı deyil, dini hisslərin açıq şəkildə təhqir edilməsi deməkdir və belə hallar mədəni irsə münasibətdə hansı yanaşmanın üstünlük təşkil etdiyini aydın şəkildə ortaya qoyur”.
Parlamentari vurğulayıb ki, problemin digər tərəfi Ermənistan ərazisində baş verən proseslərlə bağlıdır:
“Tarixi Azərbaycan irsinin mühüm hissəsini təşkil edən abidələrin, xüsusilə İrəvan və ətraf bölgələrdə yerləşən dini-memarlıq nümunələrinin ya tamamilə aradan qaldırılması, ya da fərqli kimlik altında təqdim edilməsi faktları artıq geniş şəkildə məlumdur. Şah Abbas, Sərdar, Hacı Novruzəli və digər məscidlərin taleyi bu baxımdan xarakterikdir. Yalnız Göy məscidin müəyyən hissəsi günümüzə çatıb ki, onun da ilkin memarlıq xüsusiyyətləri dəyişdirilərək fərqli formada təqdim edilməsi müşahidə olunur.
Bundan başqa, regionun qədim irsinin bir hissəsi olan alban məbədlərinin mənimsənilməsi və saxtalaşdırılması da ciddi narahatlıq doğurur. Ağoğlan, Amaras, Xatiravang, Qandzasar və Xudavəng kimi abidələr üzərində aparılan dəyişikliklər onların tarixi mənsubiyyətinin dəyişdirilməsinə yönəlib. Bu isə təkcə tarixi faktların təhrif edilməsi deyil, eyni zamanda mədəni irsin siyasiləşdirilməsi cəhdidir”.

Azər Allahverənov əlavə edib ki, həyata keçirilən siyasətin əsas məqsədi yalnız maddi abidələrin məhv edilməsi ilə məhdudlaşmayıb. Burada daha geniş hədəf – Azərbaycan xalqının bu ərazilərdəki tarixi izlərinin silinməsi, gələcəkdə irəli sürülə biləcək iddialar üçün “tarixi əsas” formalaşdırılması və bütövlükdə mədəni yaddaşın zəiflədilməsi olub. Bu, mahiyyət etibarilə mədəni təmizləmə siyasətidir və onun nəticələri bu gün də aydın şəkildə müşahidə olunur.
“Belə bir fon qarşısında bu gün irəli sürülən ittihamların obyektivliyindən danışmaq çətindir. Çünki real faktlar göstərir ki, Azərbaycan tərəfi azad edilmiş ərazilərdə tarixi və dini irsin qorunması və bərpası istiqamətində fəaliyyət göstərir. Bu yanaşma həm beynəlxalq hüququn tələblərinə uyğundur, həm də regionda sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Nəticə etibarilə, mədəni irs məsələsi emosiyalar üzərində deyil, faktlar əsasında qiymətləndirilməlidir. Keçmişdə erməni qəsbkarları tərəfindən həyata keçirilən kulturosid, urbisid və onların nəticələri obyektiv şəkildə dəyərləndirilmədən bu mövzuda sağlam və ədalətli yanaşmanın formalaşması mümkün deyil”, - deyə o fikrini yekunlaşdırıb.
