Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və pul bazarı alətlərinin xüsusi çəkisi 33,1%-ə bərabər olub.
Trend bu barədə ARDNF-yə istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrünə nisbətən 9,5 faiz bəndi azdır.
Eyni zamanda hesabat dövründə ARDNF-nin investisiya portfelində səhmlərin payı isə 24,8% təşkil edib ki, bu da illik müqayisədə dəyişməz qalıb.
Bundan başqa, fondun investisiya portfelində qızılın payı 25,8%-dən (165,3 ton) 35,6%-ə (178,1 ton) yüksəlib.
Hesabat dövründə ARDNF-nin investisiya portfelində daşınmaz əmlak və infrastrukturun payı isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz bəndi azalaraq 6,5%-ə bərabər olub.
Hesabat dövrünə ARDNF-nin investisiya portfelinin dəyəri 73,515 milyard ABŞ dolları təşkil edib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,1 milyard ABŞ dolları və ya 17,7% artım deməkdir.
