Bakı. Trend:
Son günlər azad edilmiş ərazilərdə guya “erməni dini irsinin dağıdılması” ilə bağlı saxta iddialar gündəmə gətirilsə də, bölgədə uzun illər davam edən işğal dövrünün real mənzərəsi tamamilə fərqli bir tablo ortaya qoyur.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
"İşğal dövründə, hətta işğaldan əvvəlki dövlərdə belə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə qarşı sistemli dağıntılar həyata keçirilib. İşğal edilmiş ərazilərdə onilliklər ərzində Azərbaycan xalqına məxsus yüzlərlə tarixi-dini abidə məqsədyönlü şəkildə dağıdılıb, talan edilib və bir çox hallarda tamamilə məhv olunub.
Rəsmi məlumatlara görə, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında onlarla məscid və ziyarətgah dağıdılıb, qəbirlər qazılıb, məzar daşları sökülərək aparılıb, qəbiristanlıqlar tamamilə yerlə-yeksan edilib. Bu faktlar bölgədə təkcə hərbi işğalın deyil, həm də mədəni və mənəvi irsə qarşı ciddi zərərin olduğunu göstərir.
İşğal dövründə məscidlər məqsədli şəkildə təhqir olunub, hətta heyvan saxlama və təsərrüfat məqsədləri üçün istifadə edilib. Bu cür hallar dini abidələrin statusu ilə ciddi ziddiyyət təşkil edir və beynəlxalq humanitar hüquqa ziddir".
S.Mikayılova əlavə edib ki, Azərbaycanın mədəni irsinə qarşı sistemli dağıntılar Ermənistan ərazisində də aparılıb:
"Məsələ yalnız işğal olunmuş ərazilərlə məhdudlaşmır. Tarixi mənbələrə əsasən, Ermənistan ərazisində, xüsusilə İrəvan bölgəsində Azərbaycan xalqına məxsus bir çox tarixi abidələr zamanla ya dağıdılıb, ya da mənsubiyyəti dəyişdirilərək təqdim olunub.
Bunlara misal olaraq, İrəvandakı Şah Abbas, Sərdar və Hacı Novruzəli məscidləri, Göy məscidin orijinal memarlıq xüsusiyyətlərinin dəyişdirilməsini, digər XVI–XVIII əsr dini-mədəni abidələrimizdən azərbaycanlılara aid izlərinin silinməsini göstərmək olar".
Deputat bildirib ki, Ermənistan tərəfindən Qarabağ ərazisində yerləşən bir sıra qədim xristian məbədlərinin – o cümlədən Amaras, Xudavəng və digər komplekslərin tarixi mənsubiyyəti təhrif olunaraq onların Ermənistana aid olması da saxta iddialardan başqa bir şey deyil:
"Ermənistan tərəfindən aparılan bu sistemli proseslər yalnız fiziki dağıntı deyil, eyni zamanda tarixi yaddaşın dəyişdirilməsi və mədəni kimliyin silinməsidir. Dini və tarixi abidələrə qarşı edilən vandalizm beynəlxalq hüquq baxımından ciddi pozuntudur və bu məsələyə daha obyektiv yanaşma olmalıdır".
