Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Xanoba kəndində səyyar qəbul keçirib.
Qəbulda Yalama İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Xanoba, Yalama, Düztahiroba, Ortaoba, Səlimoba, Ukuroba, Yaquboba və Zuxuloba kəndlərinin sakinləri iştirak edib.
Səyyar qəbuldan əvvəl rayon rəhbərliyi Xanoba kəndində şəhid Seymur Şıxvərdi oğlu Ramazanovun büstü önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin sənədsiz evlərin qazlaşdırılması, yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi, rabitə, internet və körpələr evi-uşaq bağçasında əlavə qrupların açılması ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciət yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
