Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 73,515 milyard ABŞ dolları təşkil edib.
Trend bu barədə fonda istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 11,1 milyard ABŞ dolları və ya 17,7% artım deməkdir.
Hesabat dövrünə ARDNF-nin investisiyalarının 71,1%-i və ya 52,239 milyardı ABŞ dollarındadır. Bu, ötən ilin eyni dövrünə nisbətən 5 faiz bəndi çoxdur.
Eyni zamanda fondun investisiya portfelində avronun payı bir il əvvəlki göstərici ilə müqayisədə 21,4%-dən 16,9,5%-ə və ya 10,845 milyard avroya enib.
İnvestisiya portfelində ingilis funt sterlinqinin payı 4,8% və ya 2,660 milyard funt sterlinq təşkil edib ki, bu da illik müqayisədə 0,3 faiz bəndi azdır.
Həmçinin bu ilin aprelin 1-nə ARDNF-nin investisiya portfelində Çin yuanının payı 0,2 faiz bəndi azalaraq 2,3% (11,276 milyard), Yapon yeninin payı dəyişməyərək 1,3% (154,867 milyon), digər xarici valyutaların payı isə eyni səviyyədə qalaraq 3,6% (2,690 milyard dollar ekvivalentində) təşkil edib.
