Bakı. Trend:
Bu ilin ilk rübü ərzində qlobal maliyyə bazarları artan geosiyasi gərginliklər və davam edən qeyri-müəyyənlik fonunda bir çox aktiv sinifləri üçün çətin mühit yaratıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) məlumat yayıb.
Bildirilib ki, rüb ərzində səhm və istiqraz bazarlarında təzyiq müşahidə olunsa da, qızıl investisiyaları əhəmiyyətli müsbət töhfə verib. Həmçinin vurğulnaıb ki, ARDNF-nin özəl səhm, daşınmaz əmlak və infrastruktur investisiyaları da rüb ərzində müsbət gəlirlilik göstərib.
"Aparıcı inkişaf etmiş ölkələrin istiqraz bazarlarında gəlirlilik dərəcələri ilin ilk iki ayı ərzində azalma tendensiyası göstərmiş, lakin mart ayında Yaxın Şərq regionunda baş verən gərginlik fonunda artan enerji qiymətləri və inflyasiya gözləntilərinin güclənməsi səbəbindən yüksəlmişdir ki, bu da istiqrazların qiymətlərinə mənfi təsir etmişdir. Bu dinamika daha çox Avropa bazarlarına təsir etsə də, ABŞ dollarında emissiya edilmiş borc öhdəlikləri portfeli nisbətən dayanıqlığını qorumuşdur.
Qlobal səhm bazarları rübün ilk iki ayı ərzində müsbət nəticələr göstərmiş, sonradan isə baş verən geosiyasi gərginliklər səbəbindən geriləmişdir.
Qızıl ötən illərin qiymət artımını şərtləndirən amillərin təsiri altında 2026-cı ilə də yüksək nəticələrlə başlamışdır. Mart ayında qiymətlərdə geriləmə müşahidə olunsa da, qızıl rübü ümumilikdə müsbət nəticələrlə başa vurmuşdur ki, bununla da, ARDNF-nin qızıl altportfeli üzrə büdcədənkənar gəlirləri formalaşmışdır", - məlumatda qeyd edilib.
