Bakı. Trend:
1986-cı il aprelin 26-sını xatırlamamaq mümkün deyil. Həmin vaxt 650 min nəfər Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunub. Qəzanın ləğvində iştirak etmiş təxminən 4 min azərbaycanlı isə dünyasını dəyişib.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Milli QHT Forumu və “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin birgə təşkil etdiyi, Çernobıl faciəsinin 40-cı ildönümünə həsr olunmuş ictimai müzakirədə birliyin sədri Mirhəsən Həsənov deyib.
O bildirib ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün ilk olaraq yanğınsöndürənlər, daha sonra isə hərbçilər cəlb olunub. Radioaktiv şüalanma isə sonradan insanların sağlamlığında ciddi fəsadlar yaradıb.
Birlik sədri qeyd edib ki, Çernobıl faciəsi uzun müddət məxfi saxlanılıb:
“Bir çox çernobılçıların övladları müxtəlif xəstəliklərlə doğulub. 1990-cı ildə həm digər ölkələrdən, həm də Azərbaycandan olan çernobılçılar küçələrə çıxaraq öz haqlarını tələb etdilər. Həmin il Azərbaycanda “Azərbaycan Çernobılçılar İttifaqı” İctimai Birliyi təsis edildi. Hazırda birliyin 4 mindən çox üzvü var. Bu gün çernobılçılar həm Prezident, həm də pensiya təqaüdü alırlar. 2021-ci ildən indiyədək 450 çernobılçı mənzillə təmin olunub. Bu, Azərbaycan Prezidentinin çernobılçılara göstərdiyi diqqət və qayğının göstəricisidir”.
M.Həsənov vurğulayıb ki, qəzanın ləğvi işlərinə cəlb olunanların seçim imkanı olmayıb:
“O dövrdə radiologiya elmi barədə kifayət qədər məlumatımız yox idi və Çernobıla göndərilmək qərarı bizdən asılı deyildi”.
O əlavə edib ki, 44 günlük Vətən müharibəsində şəhid olanlar arasında çernobılçı ailələrinin övladları da var. Onlardan biri qəhrəman tibb işçisi Arəstə Baxışovadır.
