Bakı. Trend:
ABŞ hakimiyyəti Venesuelaya ABŞ-nin müdaxiləsi və prezident Nikolas Maduronun həbsi ilə bağlı mərc edərək 400.000 dollardan çox qazanan amerikalı əsgərini saxlayıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Ədliyyə Nazirliyi xəbər verib.
Məlumata əsasən, hərbi qulluqçu Ken Van Dayk Qannon "ABŞ ordusunun Nikolas Maduronu ələ keçirmək üçün həyata keçirdiyi "Mütləq Qətiyyət Əməliyyatı"nın planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmiş və həmin əməliyyatla bağlı məxfi məlumatlara çıxışından öz xeyrinə istifadə etmişdir".
Qeyd edili ki, dekabrın sonlarında Van Dayk Polymarket mərc platformasında qeydiyyatdan keçərək ABŞ-ın Venesuelaya müdaxiləsinə və Maduronun 31 yanvar 2026-cı il tarixinə qədər vəzifəsindən kənarlaşdırılmasına 33 min dollardan çox mərc qoymuşdu. Onun qazandığı məbləğ 400.000 dollardan çox olub.
Van Dayk "məxfi dövlət məlumatlarından şəxsi mənfəət üçün qanunsuz istifadə etmək, dövlət məxfi məlumatlarını oğurlamaq", fırıldaqçılıq və qanunsuz pul əməliyyatları törətməkdə ittiham olunur.
