Füzuli. Trend:
İşğaldan azad edilərək yenidən qurulan Füzuli şəhərində 1 nömrəli körpələr evi–uşaq bağçasının açılışı olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, “LUKOIL” neft şirkətinin qurucusu Vahid Ələkbərov, “LUKOIL Azərbaycan” QSC-nin baş direktoru Rasim Əmrəliyev, həmçinin Füzuli şəhər sakinləri və körpələr iştirak ediblər.
Trend-in Qarabağ bürosunun məlumatına görə, körpələr evi–uşaq bağçası 2,4 hektar ərazidə inşa olunub və 2 mərtəbəli olmaqla 240 yerlikdir.
Binada qrup, inzibati və yataq otaqları, rəqs, idman və musiqi zalları, hovuz, soyunub-geyinmə otaqları, mətbəx, müasir avadanlıqlarla təchiz olunmuş metodika və kompüter otaqları, həkim və dezinfeksiya otaqları, izolyator palata, camaşırxana, tərəvəzlərin ilkin emalı və tərəvəz sexləri, ət-balıq sexi, quru ərzaq anbarı, işçi heyəti üçün yeməkxana, elektrik və server otaqları yaradılıb.
Bundan əlavə, bağçanın həyətində uşaqlar üçün oyun meydançaları və digər zəruri infrastruktur qurulub. Müəssisədə uşaqların ilkin biliklərə yiyələnməsi, rahatlığı və əylənməsi üçün bütün şərait təmin edilib.
