Bakı. Trend:
Aprelin 24-də Müşfiqabad qəsəbəsində ölkənin aparıcı maliyyə institutlarının iştirakı ilə növbəti irimiqyaslı ağacəkmə aksiyası keçirilib.
Trend xəbər verir ki, bu təşəbbüs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında 13 mart 2023-cü il tarixində imzalanmış “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində reallaşdırılır.
Memorandumun strateji hədəfi 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi vasitəsilə ekoloji tarazlığın bərpasına töhfə verməkdir.
Artıq dördüncü ildir ki, uğurla davam edən aksiyada ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mərkəzi Bankın sədr müavini Gülər Paşayeva, ABA-nın prezidenti Zakir Nuriyev, AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyev, AzFina-nın icraçı direktoru Azər Əkbərov, habelə digər assosiasiyaların rəhbər şəxsləri və üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirak edib.
Ölkədə meşə fondunun zənginləşdirilməsi və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yerləşən 60 hektar ərazidə yerli iqlimə uyğun 37 500 ədəd müxtəlif növ ağacın əkilməsi və müasir suvarma infrastrukturunun qurulması planlaşdırılıb. Aksiya çərçivəsində iştirakçılar tərəfindən 1 hektar sahədə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilmişdir. Bu tədbir maliyyə sektorunun və ABA-nın ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahəsində nümayiş etdirdiyi yüksək korporativ sosial məsuliyyətin növbəti təzahürüdür.
