Bakı. Trend:
İran ərazisində 55 gündən çoxdur ki, internetə çıxış yoxdur.
Trend xəbər verir ki, bu barədə “NetBlocks” beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.
“İranda internetin kəsilməsi artıq ardıcıl 56-cı gündür davam edir, beynəlxalq əlaqə isə 1 320 saatdan artıqdır ki, dayandırılıb”, – deyə xidmətin "X" platformasında qeyd olunub.
Məlumata görə, bu bloklama dünya üzrə müşahidələr tarixində bütöv bir ölkə miqyasında qeydə alınan ən uzun internet məhdudiyyəti olub.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub.
Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib. Bununla belə İrana qarşı tətbiq olunan dəniz blokadası qüvvədə saxlanılıb.
