Bakı. Trend:
Quba şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Archivision Urban Camp 3” layihəsinin açılış mərasimi keçirilib.
Ümumdünya Şəhərsalma Forumu (WUF13) və ölkəmizdə elan olunmuş “Memarlıq və Şəhərsalma İli”nə həsr olunan düşərgənin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Bu addım gənclərin milli-mənəvi dəyərlərə bağlılığının və dövlətçilik ənənələrinə hörmətinin ifadəsi kimi xüsusi diqqət çəkib.
Rəsmi açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Tələbələrlə iş sektorunun müdiri Elnur Abdullayev “Beynəlxalq təcrübələr” mövzusunda məruzə ilə çıxış edərək gənclərə beynəlxalq platformalarda iştirak imkanları, qlobal əməkdaşlıq perspektivləri və peşəkar inkişaf yolları barədə ətraflı məlumat verib. O, bu kimi təşəbbüslərin Azərbaycan gənclərinin dünya miqyasında rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.
AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev çıxışında layihənin strateji əhəmiyyətindən bəhs edərək iştirakçılara uğurlar arzulayıb. O bildirib ki, belə düşərgələr tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə iştirak edən “Seranit” şirkətinin texniki təlim və tətbiqlər müdiri Faruk Ataer sahə üzrə beynəlxalq təcrübə və innovativ yanaşmalar barədə təqdimatla çıxış edib. O, müasir materialların tətbiqi, texnoloji yeniliklərin memarlıq və dizayn prosesində rolu haqqında iştirakçılara geniş məlumat verib.
Düşərgənin ilk günü çərçivəsində iştirakçılar üçün “Memarlıq və dizaynda konsepsiyanın formalaşdırılması” mövzusunda təlim təşkil olunub. Təlim AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müəllimi Əli Əliyev tərəfindən interaktiv formatda keçirilib. Sessiyada memarlıq və dizayn prosesində ideyanın yaranması, konseptual yanaşmanın formalaşdırılması, layihələrin funksional və estetik baxımdan düzgün qurulması prinsipləri izah olunub. Praktiki tapşırıqlar vasitəsilə iştirakçılar əldə etdikləri bilikləri tətbiq etmək imkanı qazanıblar.
Proqram çərçivəsində təşkil olunan keramika üzərində rəngləmə üzrə master-klass düşərgəyə xüsusi dinamika qatıb. İştirakçılar komandalara bölünərək keramika nümunələri üzərində işləyiblər. Yaradıcılıq mühitində keçirilən bu fəaliyyət onların estetik zövqünün və dizayn bacarıqlarının inkişafına müsbət təsir göstərib. Komandalar arasında yaradılan sağlam rəqabət mühiti tədbirin daha maraqlı və interaktiv keçməsinə səbəb olub.
Düşərgə çərçivəsində keçirilən növbəti maarifləndirici sessiya “Seramik və porselen: texniki xüsusiyyətlər və istifadə sahələri” mövzusuna həsr olunub. Təlimçi Faruk Ataer iştirakçılara keramika və porselen materialların istehsal prosesi, texniki göstəriciləri, davamlılıq xüsusiyyətləri və müxtəlif sahələrdə tətbiqi barədə geniş məlumat verib. Sessiya zamanı memarlıq və dizayn layihələrində bu materialların düzgün seçimi ilə bağlı praktiki tövsiyələr səsləndirilib, iştirakçıların sualları cavablandırılıb.
Maarifləndirici sessiyalar silsiləsi çərçivəsində daha bir təlim Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı Aysel Kərimli tərəfindən keçirilib. “Bakı şəhərinin inkişaf yolu: keçmişi, bu günü və gələcəyi” mövzusunda təşkil olunan sessiyada paytaxtın tarixi inkişaf mərhələləri, müasir urbanizasiya prosesi və gələcək şəhərsalma perspektivləri təqdim olunub. Eyni zamanda şəhər mühitinin planlaşdırılması, davamlı inkişaf yanaşmaları və müasir memarlıq həlləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Archivision Urban Camp 3” düşərgəsi gənc memar və dizaynerlər üçün nəzəri biliklərin praktiki tətbiqi, yaradıcılıq potensialının üzə çıxarılması və komanda işinin inkişafı baxımından mühüm platforma rolunu oynayır. Layihə iştirakçıların peşəkar bacarıqlarının artırılmasına, beynəlxalq təcrübəyə inteqrasiyasına və müasir şəhərsalma düşüncəsinin formalaşmasına əhəmiyyətli töhfə verir. Bu cür təşəbbüslər ölkədə memarlıq və urbanistika sahəsində yeni nəsil mütəxəssislərin yetişdirilməsi baxımından xüsusi strateji əhəmiyyət daşıyır.