Türkiyə bayrağının Ermənistanda yandırılması təsadüfi deyil – Şərh

Siyasət Materials 25 Aprel 2026 14:37 (UTC +04:00)
Türkiyə bayrağının Ermənistanda yandırılması təsadüfi deyil – Şərh
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İrəvanda qondarma “erməni soyqırımı”nın ildönümü ilə əlaqədar keçirilən yürüş zamanı Türkiyənin dövlət bayrağının yandırılması bir daha göstərdi ki, Ermənistan cəmiyyətində radikal düşüncə və aqressiv milliyyətçilik hələ də ciddi şəkildə mövcuddur.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Vasif Qafarov deyib.

Millət vəkili bildirib ki, bu cür hərəkətlər təkcə ayrı-ayrı qrupların emosional reaksiyası deyil, uzun illər formalaşdırılmış və sistemli şəkildə qidalandırılmış ideoloji yanaşmanın nəticəsidir. Tarix boyu azərbaycanlılara qarşı törədilən zorakılıqlar, mədəni irsin dağıdılması və tarixi faktların saxtalaşdırılması da eyni düşüncə tərzinin davamı kimi qiymətləndirilməlidir.

Vasif Qafarovun fikrincə, hər hansı dövlətin bayrağının yandırılması beynəlxalq münasibətlərdə qəbul olunmayan, gərginliyi artıran və qarşıdurmanı qızışdıran addımdır:

“Belə bir hadisənin paytaxtda, üstəlik təşkil olunmuş tədbir çərçivəsində baş verməsi təsadüfi sayıla bilməz. Bu, həm də onu göstərir ki, Ermənistan hakimiyyəti və hüquq-mühafizə orqanları bu kimi təxribatların qarşısını almaqda maraqlı olmayıb və ya buna bilərəkdən göz yumub. Halbuki bu cür davranışların demokratiya və ifadə azadlığı ilə heç bir əlaqəsi yoxdur, əksinə, nifrət ritorikasının təşviqi kimi qiymətləndirilməlidir”.

Deputat vurğulayıb ki, baş verən hadisəyə görə məsuliyyət birbaşa Ermənistan rəhbərliyinin üzərinə düşür:

“Dövlət yalnız daxili sabitliyi qorumaqla kifayətlənməməli, eyni zamanda regionda sülh və əməkdaşlıq üçün də real addımlar atmalıdır. Bu baxımdan, baş verən insidentin obyektiv araşdırılması, günahkarların müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi vacibdir. Əks halda, bu kimi hadisələr regionda etimad mühitinin formalaşmasına ciddi zərbə vurmağa davam edəcək”.

Onun sözlərinə görə, Türkiyənin prinsipial mövqeyi və Azərbaycanın yanında qətiyyətlə dayanması regionda güc balansının qorunmasında mühüm rol oynayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla qardaşlıq münasibətlərinə verdiyi önəm, eləcə də Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin paralel inkişaf etməsi ilə bağlı mövqeyi bölgədə davamlı sülh üçün əsas şərtlərdən biridir. Bu siyasət həm də onu göstərir ki, regionda sabitlik birtərəfli deyil, qarşılıqlı hörmət və məsuliyyət prinsipləri əsasında mümkündür.

“Bugünkü reallıq ondan ibarətdir ki, destruktiv addımlar nə Ermənistanın özünə, nə də regiona fayda gətirir. Əksinə, sülhə xidmət edən rasional yanaşmalar və konstruktiv siyasət uzunmüddətli sabitliyin yeganə yoludur. Ermənistan cəmiyyəti və hakimiyyəti də gec-tez bu həqiqəti qəbul etməli olacaq”, - deyə o fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti