...

Azərbaycanın dövlət rəsmiləri əməkdar hüquqşünas Cəfər Vəliyevin vəfatı ilə bağlı başsağlığı veriblər

Cəmiyyət Materials 1 İyun 2012 17:36 (UTC +04:00)
Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Respublikanın əməkdar hüquqşünası, general-leytenant, professor Cəfər Cəbrayıl oğlu Vəliyev 2012-ci il iyunun 1-də ömrünün 82-ci ilində vəfat edib.
Azərbaycanın dövlət rəsmiləri əməkdar hüquqşünas Cəfər Vəliyevin vəfatı ilə bağlı başsağlığı veriblər

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Respublikanın əməkdar hüquqşünası, general-leytenant, professor Cəfər Cəbrayıl oğlu Vəliyev 2012-ci il iyunun 1-də ömrünün 82-ci ilində vəfat edib.

Trend AzərTAc-a istinadən məlumat verir ki, Cəfər Vəliyev 1930-cu il noyabr ayının 12-də Bakıda anadan olub. Bakı şəhərindəki 175 nömrəli orta məktəbi bitirdikdən sonra o, 1949-1953-cü illərdə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1953-cü ildən etibarən Azərbaycan Respublikası Nazirlər Sovetində başlayan Cəfər Vəliyev 1960-cı ilədək burada mədəniyyət şöbəsində böyük məsləhətçi, referent, sədr müavininin köməkçisi və şöbə müdirinin müavini kimi müxtəlif vəzifələrdə çalışıb. O, 1960-1962-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inzibati orqanlar şöbəsi müdirinin müavini, 1962-1971-ci illərdə isə Azərbaycan Respublikası prokurorunun müavini vəzifələrini tutub, 1971-1978-ci illərdə yenidən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inzibati orqanlar şöbəsinin müdiri işləyib.

Cəfər Vəliyev 1978-ci ildən 1987-ci ilədək Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb. O, 1987-1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda kafedra müdiri olub. 1992-2000-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri kimi fəaliyyət göstərən Cəfər Vəliyev 2000-2005-ci illərdə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri işləyib.

Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə həmişə yüksək peşəkarlıq, böyük təşkilatçılıq qabiliyyəti, prinsipiallıq nümayiş etdirən Cəfər Vəliyev özünə xas tələbkarlığı, məsuliyyət hissi, mənəvi saflığı və insanlara münasibətdə həssaslığı sayəsində dərin hörmət və rəğbət qazanıb. Onun ölkəmizin hüquq-mühafizə orqanlarında kadrların yetişdirilməsi və onların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində təqdirəlayiq xidmətləri olub.

Dövlət müstəqilliyimizin bərpasından sonrakı dövrdə Cəfər Vəliyev respublikamızda seçki sisteminin yeni ictimai-siyasi şəraitdə dövrün tələblərinə uyğun qurulmasına öz töhfəsini verib.

Cəfər Vəliyev dövlət işləri ilə yanaşı, elmi-pedaqoji sahədəki fəaliyyətini uğurlu şəkildə əlaqələndirib. O, hüquq elmi ilə bağlı müxtəlif məqalələrin, kitab və monoqrafiyanın müəllifi idi.

Respublikamızın ictimai həyatında yaxından iştirak edən Cəfər Vəliyev bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib.

Cəfər Vəliyevin çoxillik səmərəli fəaliyyəti və ölkəmizdə hüquq elminin inkişafında xidmətləri yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara layiq görülüb, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatları olan "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.

Tanınmış hüquqşünas, gözəl pedaqoq və səmimi insan Cəfər Cəbrayıl oğlu Vəliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Hacıbala Abutalıbov
Ramil Usubov
Fikrət Məmmədov
Fərhad Abdullayev
Ramiz Rzayev
Zakir Qaralov
Məzahir Pənahov

Xəbər lenti

Xəbər lenti