...

Azərbaycanda 14 min nəfərdən çox tənha ahıl vətəndaşa və əlilə evlərində sosial-məişət xidməti göstərilir (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2012 17:58 (UTC +04:00)
1 oktyabr - Beynəlxalq Ahıllar Günü ilə bağlı olaraq, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatda (Qocalar evi) bayram tədbiri keçirilib.
Azərbaycanda 14 min nəfərdən çox tənha ahıl vətəndaşa və əlilə evlərində sosial-məişət xidməti göstərilir (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

1 oktyabr - Beynəlxalq Ahıllar Günü ilə bağlı olaraq, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatda (Qocalar evi) bayram tədbiri keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Elnur Kələntərov nazirlik rəhbərliyinin ahıl insanlara təbriklərini və xoş arzularını çatdıraraq bildirib ki, BMT Baş Assambleyasının ahılların sosial müdafiəsi ilə bağlı Qətnaməsinin prinsiplərinə uyğun olaraq, hər il Beynəlxalq Ahıllar Günü Azərbaycanda da geniş şəkildə qeyd olunur.

Azərbaycanın "Ahıllara sosial xidmət haqqında" qanununa əsasən, 70 yaşına çatmış vətəndaşlar ahıl hesab olunur. Hazırda respublikada 400 min nəfərdən çox ahıl insan yaşayır. Ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə Azərbaycan Prezidentinin 2006-cı il 17 aprel tarixli sərəncamı ilə "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı" təsdiq edilib. Ölkə tərəfindən ratifikasiya edilmiş beynəlxalq konvensiyalara və "Yaşlaşma üzrə Madrid Beynəlxalq Fəaliyyət Planı"nın prinsiplərinə əsaslanaraq təsdiq olunmuş Dövlət Proqramının əsas məqsədi ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə nail olmaqdır.

Bu Proqramda, eləcə də Azərbaycan Prezidentinin 2004-cü il 11 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nda, dövlət başçısının 2008-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiqlənmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda və digər dövlət proqramlarda ahılların sosial müdafiəsi ilə bağlı nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilir.

1982-ci ildən tənha ahıl vətəndaşlara ictimai əsaslarla evlərində sosial xidmətlər göstərilib, 1984-cü ildən bu tədbirlərin dövlət səviyyəsində həyata keçirilməsinə başlanılıb. Hazırda ölkə üzrə 14 min nəfərdən çox tənha ahıl vətəndaşa və əlilə evlərində sosial-məişət xidməti göstərilir. Xidmətdə olanlardan 12 min nəfərə yaxını 70 yaşdan yuxarı olanlardır.

Eyni zamanda, bu vaxtadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 700 nəfərdən çox Böyük Vətən müharibəsi əlili və iştirakçısı minik avtomobili, həmin təbəqədən olan 50 nəfərə yaxın ahıl isə mənzillə təmin edilib. Həmçinin, dövlət qarşısında xüsusi xidmətləri olmuş ahıllar Azərbaycan Prezidentinin təqaüdü, dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort putyovkaları ilə təmin edilirlər.

Ölkəmizdə aparılan sosial və iqtisadi islahatlar, səhiyyə sisteminin təkmilləşməsi, insanların sosial rifah səviyyəsinin yaxşılaşması orta ömür uzunluğunun artmasına müsbət təsir edib. 1990-1995-ci illərdə əhalinin orta ömür uzunluğu göstəricisi 71 yaşdan 69 yaşadək azaldığı halda, 2012-ci ildə doğulanlar üçün gözlənilən ömür uzunluğu 73,8 yaş təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Müharibə və Əmək Əlilləri üçün pansionatda tam dövlət təminatında 160 nəfərdən çox ahıl vətəndaş yaşayır. Pansionatda əsaslı təmir və yenidənqurma işləri aparılmaqla yanaşı, pansionat üçün ikinci korpus inşa olunur. Bununla yanaşı, yeni sosial müdafiə əhəmiyyətli müəssisələrin də yaradılması işləri aparılır.

Belə ki, hazırda Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, həmçinin Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli yaşayış evi inşa edilir. Saray 7 saylı, Şaqan 3 saylı, Buzovna 9 saylı internat evlərində müasir tələblərə uyğun şərait yaradılıb ki, artıq digər sosial xidmət müəssisələrində də bu istiqamətdə işlərə başlanılıb.

Bayram süfrəsi ətrafında keçən tədbirdə ahıl insanlara nazirliyin hədiyyələri təqdim edilib, onlara fərəhli yaşantılar bəxş olunub. Ürək sözlərini ifadə edən ahıl insanlar onlara göstərilən diqqət və qayğıdan razılıqla söz açıblar.

Xəbər lenti

Xəbər lenti