...

Azərbaycanda mebel sənayesi ilə bağlı milli standartlar hazırlanır

Cəmiyyət Materials 4 Oktyabr 2012 11:45 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Texniki Komitə standartlaşdırma sahəsində aparılan işlərin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə yaradılıb.
Azərbaycanda mebel sənayesi ilə bağlı milli standartlar hazırlanır

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda "Mebel sənayesi məhsulları"nın standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Texniki Komitə standartlaşdırma sahəsində aparılan işlərin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə yaradılıb.

Əmrə əsasən, Komitənin Əsasnaməsi, strukturu, üzv təşkilatların siyahısı və 2012-ci il üçün Fəaliyyət Planı təsdiq edilib.

Texniki Komitənin fəaliyyətinin məqsədi məişət, ofis mebeli və ağac materialları sahələrində milli və beynəlxalq standartlaşdırma istiqamətində həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasından ibarətdir.

Təsdiq olunmuş Tədbirlər Planına əsasən, "Mebel sənayesi məhsulları"nın standartlaşdırılması üzrə Texniki Komitə (TK 14) cari ilin sonunadək mebel sənayesi sahəsi ilə bağlı 9 milli standart layihəsi hazırlayıb Dövlət Komitəsinə təqdim etməlidir.

Bunlar təhsil müəssisələrində istifadə olunan stol-stulların ölçüləri, oturacaqların müvazinətinin təyini, evlərdə istifadə olunan sabit və qatlana bilinən uşaq çarpayılarının təhlükəsizlik tələbləri və test metodları, ofis mebeli, ofis stullarında stabilliyin, sərtlik və möhkəmliyin müəyyən edilməsi üçün test metodları, ağac əsaslı materiallarda lövhə ölçülərinin (qalınlıq, en və uzunluq), qaz analizi metodu ilə formaldehitin ayrılmasının və ekstraksiya metodu ilə formaldehitin miqdarının təyini, həmçinin ağac əsaslı materiallarda bağlantı elementlərinin geri çıxma imkanlarının təyini ilə bağlı standartlardır.

Xəbər lenti

Xəbər lenti