Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
2012/2013-cü tədris ilindən Azərbaycan Turizm İnstitutu Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində ilk dəfə olaraq, magistratura səviyyəsində ikili diplom proqramı üzrə dərslərə start verib.
İnstitutdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 2007-ci ildə ölkə tarixində ilk dəfə Azərbaycan Turizm İnstitutu və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında bakalavr pilləsi üzrə ikili diplom haqqında müqavilə imzalanıb.
"Turizm və qonaqpərvərlik xidməti üzrə təhsil sahəsində əməkdaşlıq" müqaviləsinin şərtlərinə əsasən, Azərbaycan Turizm İnstitutunun 150-yə yaxın tələbəsi indiyədək bu proqramdan yararlanıb və hazırda təhsillərini uğurla davam etdirirlər.
Proqram çərçivəsində 57 tələbə hər iki ali təhsil müəssisəsinin diplomunu alıb.