...

Bu gündən ilk 1000 vətəndaşa elektron imza kartları ödənişsiz veriləcək

Cəmiyyət Materials 9 Oktyabr 2012 16:03 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend-ə bildiriblər ki, elektron imza vəsiqəsinin alınması prosedurlarına yeniliklər edən nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış elektron ərizə proqram məhsulu artıq istifadəyə verilib.
Bu gündən ilk 1000 vətəndaşa elektron imza kartları ödənişsiz veriləcək

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir H.Vəliyev/

Bu gündən Azərbaycan vətəndaşları elektron imza vəsiqəsini daha asan qaydada əldə edə biləcəklər.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend-ə bildiriblər ki, elektron imza vəsiqəsinin alınması prosedurlarına yeniliklər edən nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış elektron ərizə proqram məhsulu artıq istifadəyə verilib.

Bu proqramın köməyi ilə istənilən vətəndaş e-imza.az saytına daxil olaraq, internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və onlayn qaydada ödəniş etməklə, elektron imza kartı sifariş edə bilər. Sifariş Mərkəzə daxil olan kimi elektron imza sertifikatı hazırlanır və bu barədə vətəndaşa elektron poçt və telefon vasitəsilə məlumat verilir. Elektron imza sertifikatının hazır olması barədə məlumat bildirişi almış vətəndaş Məlumat Hesablama Mərkəzindəki Qeydiyyat Mərkəzinə yaxınlaşıb, qanunvericiliyə əsasən özünü identikləşdirməyə imkan verən şəxsiyyət vəsiqəsini təqdim edərək elektron imza sertifikatını alır.

İlk vaxtlar üçün onlayn "E-ərizə xidməti" vasitəsilə elektron imza sertifikatı kartları Məlumat Hesablama Mərkəzindəki Qeydiyyat Mərkəzində veriləcək. Sınaq müddətindən sonra bu xidmət respublikadakı bütün qeydiyyat mərkəzlərini əhatə edəcək.

Bu sahədə yenilik elektron imza almaq üçün internet üzərindən "E-ərizə xidməti"nin fəaliyyətə başlaması ilə bitmir. Növbəti yenilik Məlumat Hesablama Mərkəzinin həyata keçirdiyi aksiya ilə bağlıdır. Belə ki, elektron imza üçün sertifikatlar verən Milli Sertifikat Xidmətləri Mərkəzi artıq bir ildir ki, fəaliyyət göstərir. Milli Sertifikat Xidmətləri Mərkəzinin fəaliyyətə başlamasının 1 illiyi ilə əlaqədar olaraq onlayn elektron ərizə xidməti vasitəsilə imza sertifikatı almaq üçün müraciət edən ilk 1000 vətəndaşa elektron imza kartları ödənişsiz veriləcək.

Qeyd edək ki, elektron xidmətlərin gündən-günə artması, "vətəndaş-dövlət" münasibətlərinin "elektronlaşması" elektron imza xidmətlərinin daha da aktuallaşmasını zəruri edir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan "E-ərizə xidməti"nin fəaliyyətə başlaması ilə istifadəçilər daha yüksək keyfiyyətli xidmətlə təmin olunacaqlar. Belə ki, bu yenilik vətəndaşların rahatlığını, eləcə də operativliyi təmin etməklə yanaşı, elektron imza sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qarşısını da alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti