...

Sumqayıt Şəhər Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

Cəmiyyət Materials 7 Dekabr 2012 20:18 (UTC +04:00)
Bu gün Sumqayıt Şəhər Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib. Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Sumqayıt Şəhər Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Bu gün Sumqayıt Şəhər Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib. Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyat müşavirəsini açan nazir Sumqayıt ŞPİ-nin rəisi vəzifəsinə yeni təyin olunmuş polis general-mayoru Sahib Mirzəyevi şəxsi heyətə təqdim edib. Daha sonra o, ölkədəki kriminogen durum barədə qısa məlumat verərək, cinayətkarlıqla mübarizə və ictimai qaydanın qorunması sahəsində şəxsi heyətin qarşısında duran vəzifələrdən danışıb, konkret tapşırıq və tövsiyələrini verib.

Daxili işlər naziri cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əvvəlki illərdə əldə olunmuş müsbət nəticələrin və təmayüllərin cari ilin ötən dövründə də qorunub-saxlanıldığını və daha da inkişaf etdirildiyini, bəzi cinayətlərin, o cümlədən quldurluqlar, oğurluqlar, soyğunçuluqlar və digər əmlak cinayətlərinin də azaldığını, göstərilən müddətdə Sumqayıt Şəhər Polis İdarəsinin şəxsi heyətinin də xidməti fəaliyyətdə bir sıra uğurlar qazandığını, təkcə bu il 28 əməkdaşın nazirliyin rəhbərliyi tərəfindən mükafatlandırıldığını xatırladıb.

Görülən işlərə hər zaman özünütənqid ruhunda yanaşmağın vacibliyini vurğulayan daxili işlər naziri bu yaxınlarda Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xidməti fəaliyyətinin yoxlanılması zamanı aşkar edilmiş nöqsanların üzərində dayanaraq həmin qurumun rəhbərliyinin ciddi intizam məsuliyyətinə cəlb edildiyini, o cümlədən rəisin və ayrı-ayrı məsul əməkdaşların tutduqları vəzifələrdən azad olunduqlarını, hər bir əməkdaşın bundan özü üçün lazımi nəticə çıxarmasının, müəyyən edilmiş təşkilati-əməli tədbirlərin tam yerinə yetirilməsinin vacibliyini bildirib.

Son vaxtlar mövcud qanunvericiliyə edilmiş zəruri dəyişikliklərlə bəzi inzibati xətalara görə cəza sanksiyalarının sərtləşdirildiyini nəzərə çatdıran Usubov bütün dəyişikliklərin ilk növbədə vətəndaşların mənafeyinə və təhlükəsizliyinin daha etibarlı təmininə xidmət etdiyini, polisin fəaliyyətini tənzimləyən normativ-hüquqi sənədlərə əlavə və dəyişikliklərin, bu sahədə müvafiq yeniliklərin şəxsi heyət tərəfindən dərindən öyrənilməsinin, praktikada düzgün tətbiqinin əhəmiyyətini qeyd edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tədbirdə çıxış edərək sabitliyin, dönməzliyinin təminində Azərbaycan polisinin əhəmiyyətli rolu olduğunu, bu baxımdan Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının da üzərilərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirdiklərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti