...

Ziya Məmmədov: I Avropa Oyunları ilə bağlı nəqliyyat parkı yeniləşdiriləcək, yollar genişləndiriləcək, yeni qovşaqlar inşa ediləcək

Cəmiyyət Materials 2 Fevral 2013 23:54 (UTC +04:00)
Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində hazırda nəqliyyat sektoru da sürətlə inkişaf edir və müasirləşir. Bu sahənin iqtisadi göstəriciləri ildən-ilə yüksəlir, görülən işlərin keyfiyyəti və səmərəliliyi artır, daşımalara olan tələbat tam ödənilir. Bütün sahələrlə yanaşı, ölkəmizin idman sahəsində son illər ərzində dünya miqyasında əldə etdiyi uğurları da xüsusi olaraq qeyd etmək istərdim. Trend-in məlumatına görə, bunu bu gün Bakıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında çıxışı zamanı nəqliyyat naziri Ziya Məmmədov deyib.
Ziya Məmmədov: I Avropa Oyunları ilə bağlı nəqliyyat parkı yeniləşdiriləcək, yollar genişləndiriləcək, yeni qovşaqlar  inşa ediləcək

Azərbaycan, Bakı, 2 fevral /Trend /

Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində hazırda nəqliyyat sektoru da sürətlə inkişaf edir və müasirləşir. Bu sahənin iqtisadi göstəriciləri ildən-ilə yüksəlir, görülən işlərin keyfiyyəti və səmərəliliyi artır, daşımalara olan tələbat tam ödənilir. Bütün sahələrlə yanaşı, ölkəmizin idman sahəsində son illər ərzində dünya miqyasında əldə etdiyi uğurları da xüsusi olaraq qeyd etmək istərdim. Trend-in məlumatına görə, bunu bu gün Bakıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında çıxışı zamanı nəqliyyat naziri Ziya Məmmədov deyib.

"Bu gün Azərbaycan idmançıları böyük qələbələr qazanır, ölkəmiz nüfuzlu beynəlxalq turnirlərə ev sahibliyi edir. Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qəbul edilmiş qərar hər birimizdə böyük fərəh və qürur hissi doğurmuşdur. Bu münasibətlə Sizin, cənab Prezident, Azərbaycan xalqına təbrikinizdə və burada söylədiyiniz fikirlərdə bu tarixi uğurun qazanılmasında ölkəmizin nail olduğu yüksəlişi, tərəqqini xarakterizə etmiş, həm də bu mötəbər tədbirin keçirilməsi hüququnu Azərbaycanın ən layiqli namizəd olaraq parlaq qələbəsi kimi qiymətləndirmişdiniz. Bu qələbə də ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi və Sizin, cənab Prezident, uğurla davam etdirdiyiniz müstəqil Azərbaycanın inkişaf strategiyasından bəhrələnir" Ziya Məmmədov deyib.

Nazirin sözlərinə görə, şübhəsiz ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Bu oyunların yüksək səviyyədə keçirilməsi böyük təşkilatçılıq işləri tələb edir.

"Biz yaxşı dərk edirik ki, olimpiadanın iştirakçılarına, şəhərimizin qonaqlarına və vətəndaşlarımıza yüksək səviyyəli nəqliyyat xidmətlərinin göstərilməsi üzərimizə düşən ən vacib və ciddi məsələlərdəndir. Eyni zamanda, ötən illər ərzində Azərbaycanda keçirilən bir çox beynəlxalq idman tədbirləri Sizin, cənab Prezident, dəstəyiniz və Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, hörmətli Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi və digər tədbirlərdə toplanmış təcrübə deməyə əsas verir ki, qarşıdakı Olimpiya oyunları da yüksək səviyyədə keçiriləcəkdir" Ziya Məmmədov deyib.

Nazirin sözlərinə görə, Nəqliyyat Nazirliyi tərəfindən konkret təkliflər müzakirə edilir və kompleks tədbirlər planı hazırlanır.

"İlkin məlumata görə, 49 ölkənin iştirak edəcəyi bu tədbirdə rəsmi heyətlərin ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmir Yolu Vağzalı, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur. Qonaqların əksəriyyətinin gəliş və gedişi Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə nəzərdə tutulur ki, bu da proqnozlara görə iştirakçıların 90 faizə qədərini əhatə edəcəkdir. Nəqliyyat xidmətlərinin göstərilməsində rəsmi heyətlər xüsusi yer tutur. Onlara ayrıca nəqliyyat vasitələrinin ayrılması təmin edilməlidir. Olimpiada vaxtı bu şəxsləri, həmçinin idmançıları və onları müşayiət edənləri olimpiya şəhərciyindən olimpiya stadionuna və idman oyunlarının keçiriləcəyi digər obyektlərə, həmçinin turistlərin daşınması həyata keçiriləcəkdir. Hazırlıq dövründə aşağıdakı məlumatların dəqiqləşdirilməsi, bu xidmətlərin daha dolğun təşkilini təmin edəcəkdir.
Gözlənilən rəsmi heyətlərin və qonaqların, idmançıların, həmçinin turistlərin təxmini sayı, oyunların keçiriləcəyi əsas idman arenalarının dislokasiyası, rəsmi heyətlərin, qonaqların və turistlərin yerləşəcəyi otellər və digər yaşayış yerləri" nəqliyyat naziri çıxışında söyləyib.

Məmmədov bildirib ki, qeyd olunan nəqliyyat xidmətlərinin təşkili üçün tərəfimizdən Bakı şəhərində nəqliyyat problemlərinin aradan qaldırılması üçün 2013-2014-cü illərə dair tədbirlər planının layihəsi hazırlanır və fevral ayının sonunadək təşkilat komitəsinə təqdim ediləcəkdir.

Tədbirlər planı üç əsas hissədən ibarətdir.

  1. Nəqliyyat vasitələri, avtobuslar, minik və taksi avtomobilləri, metro vaqonları, mövcud nəqliyyat vasitələri, onların texniki vəziyyəti və təminat imkanları, nəqliyyat xidmətlərinin tam təminatı üçün nəqliyyat parkının yeniləşdirilməsi.

2. Bakı şəhərində nəqliyyat infrastrukturu.

Gözlənilən sərnişin dövriyyəsinin təmin olunması üçün mövcud vağzalların və hava limanının imkanlarının araşdırılması və tədbirlərin görülməsi, Olimpiya stadionuna və digər idman obyektlərinə gedən əsas yolların genişləndirilməsi və bərpası, burada yeni bağlantıların və qovşaqların inşası, şəhərətrafı istirahət zonalarına gedən yolların genişləndirilməsi və yeni yolların tikintisi, bütün yolların xətlənməsi və yol nişanlarının qoyulması, əsas magistral yolların tikintisinin yekunlaşdırılması.

3. Nəqliyyat xidmətlərinin idarə olunması və təşkili.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bazasında olimpiya oyunlarına cəlb olunmuş bütün nəqliyyat vasitələrinin və onlara xidmət göstərən şəxslərin fəaliyyətinin idarə olunmasını və əlaqələndirilməsini təmin edəcək qərargahın yaradılması, nəqliyyat xidməti göstərən sürücü və digər kateqoriyadan olan işçilərin hazırlanması, onlar üçün xüsusi təlimatların tərtib olunması, dil hazırlıq kurslarının təşkili və bu kontingent üzrə məlumat bazasının yaradılması, nəqliyyat daşımalarında təhlükəsizliyin təmin olunması, ictimai nəqliyyatın hərəkətinin təşkili üçün xüsusi zolaqların, hərəkət marşrutlarının və parklanma yerlərinin təşkili, görülən işlər barədə kütləvi informasiya vasitələrinə məlumat verilməsi və internet səhifələrində yerləşdirilməsi.

Əsas tədbir və oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionuna gedən yolların, bağlantıların tikintisi əsas məsələlərdən biridir. Hazırda Ziya Bünyadov prospektinin yenidən qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi davam etdirilir və 2014-cü ilin əvvəllərində yekunlaşacaqdır. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan Keşlə stansiyasına və Ziya Bünyadov prospekti üzərindən Olimpiya Stadionuna birbaşa yolun tikintisinə yaxın günlərdə başlanılacaq və 2015-ci ilin birinci rübündə yekunlaşacaqdır.

Həmçinin, Buzovna-Mərdəkan-Qala, Qala-Zığ şosesi bağlantısı 2014-cü ilin birinci yarısında yekunlaşacaqdır. Şəfa stadionunun qarşısındakı tunel və yeraltı piyada keçidi, Maştağa-Buzovna yolu, Qələbə meydanı qovşağı bu il istismara veriləcəkdir. Sadalanan bu yollar olimpiya oyunları zamanı nəqliyyatın əsas marşrutlarını əhatə edir. Bundan başqa şəhərin digər mövcud yollarında da təmir-bərpa və genişləndirmə işləri aparılacaqdır. Eyni zamanda, respublikada yerli əhəmiyyətli yollarda da işlər davam etdirilir. Qonaqların gəliş-gedişinin təmin edilməsi və yüksək səviyyədə xidmətin göstərilməsi üçün Bakı dəmir yolu vağzalında yenidənqurma işləri davam etdiriləcək və vaxtında yekunlaşdırılacaqdır. Bakıda ictimai nəqliyyatın fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək, avtobuslarda elektron-ödəmə sisteminə keçid təmin ediləcəkdir. Vətəndaşlarımıza və qonaqlara yüksək səviyyədə xidmət göstərilməsi üçün mövcud avtobus parkı əsaslı şəkildə bərpa ediləcək və yeniləşdiriləcəkdir.

Nazir bildirib ki, Bakı şəhərində əlavə olaraq 1200 ədəd yeni avtobusa və 2000 ədəd taksiyə ehtiyac vardır.

"Şübhəsiz ki, hazırlıq işləri dövründə həllini gözləyən bir sıra məsələlər də olacaqdır ki, bununla bağlı tərəfimizdən zəruri tədbirlər görüləcək və təşkilat komitəsinə müvafiq hesabat təqdim olunacaqdır. Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq dövründə və oyunların keçiriləcəyi müddətdə Nəqliyyat Nazirliyinə həvalə olunmuş bütün işlərin icrasının vaxtında və yüksək səviyyədə təmin olunması istiqamətində işlər görüləcəkdir" Ziya Məmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti