...

Nazir müavini: Azərbaycanda beynəlxalq şəbəkəyə daxil olan hotellərdə işçi qüvvəsinin peşəkarlıq səviyyəsi artırılmalıdır

Cəmiyyət Materials 5 Fevral 2013 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda beynəlxalq şəbəkəyə daxil olan hotellər və turizm obyektlərində çalışmaq üçün işçi qüvvəsinin peşəkarlıq səviyyəsi qaldırılmalıdır. Azərbaycan Turizm İnstitutundan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov "Regionlarda turizmin inkişafı" mövzusunda keçirilən treninqdə deyib.

Onun sözlərinə görə, regionlarda turizmin inkişafına nail olmaq üçün rayon mədəniyyət və turizm şöbələrinin üzərinə böyük iş düşür. Onlar hər bir bölgəyə xas olan müxtəlif festivallar təşkil etməli və regionlardakı mədəniyyət müəssisələrinin turizm firmaları ilə yaxından əməkdaşlıq etməsinə nail olmalıdırlar.

Tədbirdə çıxış edən ATİ-nin rektoru Cəfər Cəfərov qeyd edib ki, rayonlarda mədəniyyət və turizm idarələrində işləyən əməkdaşların mədəniyyət və mədəni abidələrin qorunması sahəsi üzrə sovet dövründən qalan bir təcrübəsi var. Regionların turizm potensialını ortaya qoymaq, əsaslandırıb dövlət proqramlarına salmaq, rayona gələn investorları maraqlı ideyalarla turizm potensiallı ərazilərə yönləndirmək və burada yaxşı bir turizm məhsulunun ortaya çıxarılması üçün bu biliklər yetərli deyil. Bu baxımdan Turizm İnstitutu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi ilə birlikdə rayonların mədəniyyət və turizm idarələrinin əməkdaşları üçün silsilə seminar-treninqlər təşkil edib.

"Bu, həm Bakıda, həm də regional müşavirələr formasında davam edəcək. Bu seminar-treninqlərdə ölkənin bu sahədə ümumi siyasi kursunu müəyyənləşdirən mövzularla yanaşı, daha konkret məsələləri əhatə edən təlimlər keçiriləcək", - Cəfərov deyib.

Onun sözlərinə görə, treninqlərə 40 rayonun mədəniyyət və turizm şöbəsinin müdiri və 9 regional turizm informasiya mərkəzinin rəhbəri cəlb olunub. Fevralın 8-dək davam edəcək seminar-treninqin sonunda iştirakçılara Mədəniyyət və Turizm Nazirliyinin və ATİ-nin birgə sertifikatı təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti