Azərbaycan, Bakı, 19 mart /Trend/
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xalqımızın əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə Xocalı rayonundan olan, hələ uşaq olarkən Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 gənclə görüş keçirilib. Görüşdə millət vəkilləri Qənirə Paşayeva və Elman Məmmədov da iştirak ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, nazir Fizuli Ələkbərov görüş iştirakçılarını salamlayaraq, bütün məcburi köçkünlərin, o cümlədən Xocalı rayonundan olan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına möhtərəm ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğıdan danışaraq, həmin insanların sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq işlərin görüldüyünü bildirib.
Qeyd olunub ki, hazırda respublikanın 51 rayonunda məskunlaşmış xocalıların müvafiq sosial yardım proqramlarına cəlb olunması və səmərəli məşğulluğunun təminatı, onlardan imtiyazlı şəxslərin müavinət və təqaüdlərlə vaxtlı-vaxtında təmin olunması, eyni zamanda, nazirliyin Xocalı rayonu üzrə strukturlarının normal fəaliyyətinin təşkili daim diqqətdə saxlanılır. Hazırda rayon üzrə 383 nəfər ailə üzvünü əhatə edən 88 ailəyə ünvanlı sosial yardım, 4 nəfər Milli Qəhrəmana, 31 nəfər Qarabağ müharibəsi əlilinə, 112 nəfər şəhidə görə 95 ailəyə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir. Həmçinin rayon üzrə 99 nəfər əlilə, 60 nəfər müharibə veteranına, 196 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa, 2 nəfər Çernobıl əlilinə, yaşa görə 46 nəfərə, 14 ailə üzrə ailə başçısını itirən 22 nəfər uşağa, ünvanlı yardım alan ailələrdəki 1 yaşınadək 3 nəfər uşağa sosial müavinət verilir.
Görüşdə onların sosial müdafiəsi sahəsində görülən işlərlə bağlı gənclərin rəy və fikirləri öyrənilib və onların daim qayğı ilə təmin olunması üçün bundan sonra da müvafiq işlərin görüləcəyi bildirilib. Nazir Fizuli Ələkbərov Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş gənclərin sosial müdafiəsi işinin daim nəzarətdə saxlanılması, onların maddi-məişət şəraitinin yaxşılaşdırılması, qeyri-məşğul olanların məşğulluğunun təmin olunması və s. barədə nazirliyin müvafiq strukturlarına göstərişlərini verib.
Eyni zamanda, Xocalı faciəsi zamanı hər iki valideyni şəhid olan, sonralar ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlığını itirərək II qrup əlil olmuş Məhərrəmov Murad Cəmil oğlunun mənzil şəraitinin ağır olduğu nəzərə alınaraq, onun nazirlik tərəfindən müharibə əlilləri və şəhid ailələri üçün inşa etdirilmiş binalardan mənzillə təmin olunması barədə tapşırıq verilib.
Digər Xocalı sakini Əfsanə Hüseynova Xocalı faciəsi zamanı hər iki valideyni şəhid olanlar adından onlara göstərilən qayğıkeş münasibətə görə təşəkkürünü ifadə edib.