...

Azərbaycanda həqiqi hərbi xidmətdən möhlət hüququ alan oğlan abituriyentlərin sənəd vermələri asanlaşacaq

Cəmiyyət Materials 4 Aprel 2013 14:48 (UTC +04:00)
Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən və həqiqi hərbi xidmətdən möhlət hüququ alan oğlan abituriyentlərin elektron ərizələrini təsdiqlətmək üçün Sənəd Qəbulu komissiyalarına müraciət etməsinə ehtiyac yaranmayacaq. Onlar da digər abituriyentlər kimi elektron ərizələrini elektron formada təsdiqlədə biləcəklər.
Azərbaycanda həqiqi hərbi xidmətdən möhlət hüququ alan oğlan abituriyentlərin sənəd vermələri asanlaşacaq

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən və həqiqi hərbi xidmətdən möhlət hüququ alan oğlan abituriyentlərin elektron ərizələrini təsdiqlətmək üçün Sənəd Qəbulu komissiyalarına müraciət etməsinə ehtiyac yaranmayacaq. Onlar da digər abituriyentlər kimi elektron ərizələrini elektron formada təsdiqlədə biləcəklər.

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınln sədri Məleykə Abbaszadə cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu tam elektron formada aparılır. Hər bir abituriyent öz elekron ərizəsini özü doldurur və bunun üçün ona yalnız şəxsiyyət vəsiqəsi lazımdır. Bu ilki qəbul imtahanlarında iştirakı gözlənilən abituriyentlərin böyük hissəsi ərizəsini özü təsdiqləyəcək. Onların bunun üçün Sənəd Qəbulu komissiyalarına müraciət etməsinə ehtiyac yaranmayacaq. Həmin abituriyentlər ümumi təhsil müəssisələrini 2012/2013-cü tədris ilində bitirən abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü tədris ilində bitirən qız abituriyentlər, 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlərdir.

"Ancaq bu məsələdə qızlar və oğlanlar arasında bərabərlik pozulur. Bu da oğlanların hərbi xidmətə çağırılması ilə əlaqədardır", - Abbaszadə deyib.

O qeyd edib ki, öz ərizələrini təsdiq etdirmək üçün əvvəlki illərin oğlan məzunlarının hərbi xidmətdən möhlət hüququ olmalıdır. Ancaq TQDK hələlik oğlan abituriyentlərin hərbi xidmətdən möhlət hüququnun olmasının elektron formada təsdiqlənməsini həyata keçirə bilmir. Bunun üçün TQDK müvafiq qurumlara müraciət edib.

"Onlar söz verirlər ki, bu məlumatlar elektron bazada hazır olacaq. Onda artıq kim möhlət hüququ alacaqsa, bu barədə məlumat dərhal elektron bazaya daxil ediləcək",-Abbaszadə qeyd edib.

Onun sözlərinə görə, bu baza hazır olduqdan sonra artıq Sənəd Qəbulu komissiyalarına cox da ehtiyac yaranmayacaq. Sənəd qəbulu komissiyaları yalnız vətəndaşlığı olmayan və xarici dövlətdən Azərbaycana gələn insanların sənəd verməsi üçün lazım olacaq. Çünki onların sənədlərinin yoxlanılmasına ehtiyac var. Abbaszadə bu yeniliyin gələn ildən həyata keçirilməsinin mümkün olacağını da istisna etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti