...

"Azərbaycan vəkili" jurnalı nəşr edilib

Cəmiyyət Materials 29 Aprel 2013 10:36 (UTC +04:00)
Bu günlərdə Azərbaycan hüquq tarixində ilk dəfə olaraq vəkillik fəaliyyətinə həsr olunmuş yeni nəşr işıq üzü görmüşdür. "Azərbaycan vəkili" adlı bu nəşr Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçməklə rüblük buraxılmaq üçün nəzərdə tutulub.
"Azərbaycan vəkili" jurnalı nəşr edilib

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Bu günlərdə Azərbaycan hüquq tarixində ilk dəfə olaraq vəkillik fəaliyyətinə həsr olunmuş yeni nəşr işıq üzü görmüşdür. "Azərbaycan vəkili" adlı bu nəşr Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçməklə rüblük buraxılmaq üçün nəzərdə tutulub.

Qeyd olunmalıdır ki, jurnal "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin təşkilati dəstəyi və "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin maliyyə yardımı ilə çıxmaqla Azərbaycanda insan hüquqlarının müdafiəsinə dəstək verəcək, vəkil peşəsinin hüquqşünaslar arasında təbliği ilə onun nüfuzunun artırılması, həmçinin gələcəkdə vəkillik sahəsində mövcud olan aktual problemlərin tədqiqi ilə vəkillik hüququ elminin inkişafına töhfə verəcək.

Nəşr Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin təşkil etdiyi elmi-praktik konfransda hüquq ictimaiyyəti üçün təqdim olunmuşdur. Nəşrin Baş redaktoru, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Anar Bağırovun sözlərinə görə, bu, indiyə kimi vəkillik sahəsinə həsr olunmuş ilk jurnal olmaqla Azərbaycanda vəkillərin bu formatda yeganə tribunası olacaqdır. Bağırovun sözlərinə görə, jurnal məzmun baxımından rəngarəngliliyi ilə seçilməklə orada ölkəmizin tanınmış vəkilləri ilə müsahibələr, müxtəlif müəllif yazıları, nümunəvi yerli və beynəlxalq məhkəmə aktları, habelə yerli və beynəlxalq xəbərlər əks olunub.

Qeyd edək ki, nəfis tərtibat ilə çapdan çıxan jurnal rüblük 1000 tirajla buraxılmaqla ölkəmizin vəkil korpusu və aidiyyəti hüquqşünaslar arasında pulsuz paylanılacaq.

Maraqlananlar jurnalı aşağıdakı ünvandan əldə edə bilər:

"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB, Füzuli küçəsi 49, SKS-Plaza, 7-ci mərtəbə, tel: 492 28 83, e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti