...

Bakı Ali Neft Məktəbinin nümayəndə heyətinin Norveçə səfəri uğurlu olub (FOTO)

Cəmiyyət Materials 23 May 2013 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend/

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov Norveçin Stavanger və Trondheym şəhərlərində ezamiyyətdə olublar.

Trend-in məlumatına görə, ezamiyyət "Statoyl Azərbaycan" şirkəti tərəfindən Bakı Ali Neft Məktəbi ilə Stavanger Universiteti və Trondheymdə fəaliyyət göstərən Norveç Elm və Texnologiya Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə təşkil olunub.

Stavanger şəhərində nümayəndə heyəti "Statoyl" şirkətinin ofisində hasilata nəzarət mərkəzinin işi ilə tanış olmuş, şirkətin universitetlərlə əlaqələri haqqında məlumatlar əldə etmişdir. Daha sonra nümayəndə heyəti Stavanger Universitetinin Neft Texnologiyası Tədqiqat Mərkəzi, sementləmə, neft hasilatının artırılması, neftin və qazın hasilatı, qazıma, yataq texnologiyası laboratoriyalarının işi ilə tanış olmuş, universitetin beynəlxalq əlaqələr üzrə meneceri Terye Frolland ilə danışıqlar aparmış və elm və texnologiya fakültəsinin dekanı doktor Ole Rinqdal ilə əməkdaşlıq memorandumu imzalamışdır. Memorandumda Bakı Ali Neft Məktəbinin müəllimlərinin Stavanger Universitetinə kurslara göndərilməsi, birgə magistr hazırlığı, professorların BANM-də mühazirələr oxuması, bakalavriat hazırlığında iştirak, birgə seminarların və konfransların təşkili sahəsində əməkdaşlıq etmək nəzərdə tutulmuşdur.
Stavanger şəhərindəki bütün tədbirlərdə nümayəndə heyətini "Statoyl-Azərbaycan" şirkətinin prezidenti cənab Lars Sorensen müşayiət etmişdir.

Trondheym şəhərində nümayəndə heyəti Norveç Elm və Texnologiya Universitetinin "Neft-qaz mühəndisliyi", "Kimya mühəndisliyi" və "Proseslərin idarə edilməsi" ixtisasları üzrə mütəxəssis hazırlığını həyata keçirən kafedralarında tədrisin təşkili, elmi-tədqiqat işləri, tədris və elmi laboratoriyaların fəaliyyəti ilə tanış olmuş, Universitetin beynəlxalq əlaqələr mərkəzinin rəhbəri xanım Hilde Skaye və kitabxanasının direktoru xanım Lizbet Tangen ilə danışıqlar aparmışdır. Sonda universitetin rektoru cənab Torbyorn Digerneslə əməkdaşlıq memorandumu imzalanmışdır.

Memoranduma magistr hazırlığı proqramının birgə həyata keçirilməsi, BANM-in müəllimlərinin bu universitetdə stajkeçməsi, BANM üçün doktoranturada mütəxəssis hazırlığı, birgə elmi tədqiqatların aparılması nəzərdə tutulmuşdur.
Ezamiyyət zamanı həm də Norveç Elm və Texnologiya Universitetində magistraturada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilmiş, onlara ARDNŞ-nin inkişaf strategiyası və mütəxəssis hazırlığı perspektivləri haqqında ətraflı məlumat verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti